Sərt karantin uzadılır? – Deputat təklif verdi

0
360

Son günlər yoluxma sayının kəskin artması və sərt karantin tətbiq edilən şəhər və rayonlardakı işsiz vətəndaşlara 14 gün üçün 95 manat deyil, 190 manat (tam aylıq) birdəfəlik ödəmənin ayrılması sərt karantin müddətinin növbəti dəfə 14 gün uzadılacağı ehtimalını gündəmə gətirib.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa açıqlamasında deyib ki, sərt karantin rejiminin uzadılması və bütün hallarda ən sərt formada məsələyə müdaxilə olunması çox vacibdir:

“Məncə, karantin uzadılmalı və çox sərt formada tətbiq olunmalıdır. Əhaliyə müavinətin verilməsi, mərkəzləşdirilmiş formada insanların ərzaq ehtiyacının ödənilməsi də təşkil edilməlidir və edilir. İmkanlı şəxslər bu işdə kömək edə bilər. Əhalinin təminatı ödənməlidir ki, onlar çölə çıxmağa məcbur olmasınlar. Bu məsələdə bütün potensialı səfərbər etmək lazımdır”.

F.Mustafa qeyd edib ki, artıq xəstəxanalar dolub və evdə müalicə prosesi başlayıb:

“Həm Səhiyyə Nazirliyi, həm də TƏBİB cəmiyyəti müəyyən dərəcədə istiqamətləndirən mesajları verə bilmirlər. Ona görə də təklif edirəm ki, Türkiyədən təcili olaraq 5-10 virusoloq dəvət olunsun. Türkiyəli mütəxəssisləri bu prosesə cəlb etmək, onların təcrübəsindən verilən qərarlarda istifadə etmək lazımdır.

Digər tərəfdən, onlar televiziyalarda diskussiyalar və müzakirələrlə əhalinin nə etməli olduğunu xatırlatmalıdır. Bundan başqa yol yoxdur. Bu məsələni əhalinin mühakiməsinə buraxmaq olmaz və dövlət ən sərt addımları atmalıdır ki, bu virusun yayılmasının qarşısı alınsın”.