Karantin günlərində evdə sərinləşdirici içki belə hazırlanır

0
434

İsti yay-günlərində hər birimizin qida rasionunun əsasını sərinləşdirici içkilər təşkil edir. Buna görə də, mağazalardan aldığımız qidalar arasında da elə sərinləşdirici içkilər çoxluq təşkil edir. Amma onu da deyək ki, xeyli pul xərcləyib aldığımız və tərkibi haqqında demək olar ki, məlumatımız olmayan bu içkilərdən daha faydalısını evdə hazırlaya bilərik. Necə?

Milli.Az Lent.az-a istinadən bildirir ki, bunu qida texnoloqu Ağa Salamov izah etdi. Ağa bəy deyir ki, insanların mağazalardan aldığı enerji içkiləri, rəngli və qazlı suların orqanizm üçün heç bir faydası yoxdur:

” Yəni bu içkilərin heç bir qida dəyəri yoxdur. Boş karbohidrat olduğuna görə, insan bədəninə heç bir vitamin və minerallar ötürə bilmir. Gedib mağazalardan aldıqları həmin içkilərin tərkibinə müxtəlif qatqılar əlavə olunur ki, vitrin ömrü uzansın. Bütün bunlar da tədricən insan orqanizminə təhlükə ola bilər. Buna görə də, yaxşı olardı ki, sərin içkiləri evdə hazırlayıb qəbul etsinlər”.

Ağa bəy bizə dadlı və bol vitaminli sərinləşdirici içkinin hazırlama qaydasını izah etdi.Belə ki, qarışıq vitamin tərkibli sərinləşdirici içkinin tərkibinə bunları əlavə etmək lazımdır:

“Qaysı 500 qr

Gavalı 300 qr

Alma 200 qr

Çiyələk 100 qr

Kök 100 qr

Bal zövqə görə

Su

Hazırlanma qaydası

Bütün meyvələr yuyulub emal olunur ( doğranır) kök və alma qabığı soyularaq doğranır. Bir qazana qoyub üzərinə çıxacaq qədər su əlavə edirik. Qoyuruq qaynamağa . Bütün məhsullar yumuşalanadək qaynadırıq ( kök gec bişdiyinə görə sürtgəcdən keçirilir) . Hazır olan məhsullar süzgəcdən keçirilir və əldə etdiyiniz meyvə suyunu vam odda yenidən qaynadıb bal əlavə edirik.Bal tam həll olandan sonra isə şirəmizi kənara çəkib, bir şüşə qaba əlavə edib soyumağa buraxırıq. Soyumuş şirəni soyuducuya alıb sərinləşdirərək içmək lazımdır.

Budur bol vitaminli yay içkiniz hazırdır.
Nuş olsun!”

Ağa bəy deyir ki, bu hazırladığımız içkini uşaqlara vermək olmaz. Çünki:

“Ümumiyyətlə meyvə şirələrini uşaqlara vermək olmaz. Ona görə ki, bu şirələr liflərdən azad olur və PH dərəcəsi aşağı olduğuna görə qida intoleransı, yəni qida dözümsüzlüyü yaranır. Bu da həzm sisteminin pozulımasına səbəb olur. Yaxşı olar ki, uşaqlara şirə verərkən pediatrlarla məsləhətləşəsiniz”.

Sonda isə onu qeyd edək ki, evdə hazırlanan hər bir məhsul bizim üçün daha faydalıdır. Çünki onun tərkibinə qatılan məhsullar haqqında məlumatımız olur. Amma siz yenə də, mütəxəssislərdən tövsiyyə almağı unutmayın.