Qazaxlıların diqqətinə: “ASAN qatar” gəlir…

0
468

Səyyar “ASAN qatar” iyun ayının 10-dan 25-dək Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında artıq beşinci dəfə rayon sakinlərinə xidmət göstərəcək.

Müvafiq xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim ediləcək.

“ASAN qatar” vasitəsilə sakinlərə 16 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı daxildir. Eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) daxil olacaq.

Səyyar “ASAN qatar”da sənəd qəbulu həftəiçi və şənbə günü saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftəiçi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək. “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.