Koronavirusun Türkiyə turizminə təsiri

0
272

Ötən illərə nisbətən 2020-ci ildə turizm sahəsində ən yüksək gəlir əldə etməyi hədəfləyən Türkiyədə COVID-19 pandemiyası bir çox sahədə olduğu kimi, bu sahədə də planları dəyişdi.

Pandemiyanın dünya üzərində təsirindən irəli gələrək əksər dövlətlər arasında sərhədlər bağlandı və insanların ölkələrarası hərəkəti ən aşağı səviyyəyə endirildi. Bunun nəticəsi olaraq artıq bir neçə aydır ki, dünyada turizm sahəsi son zamanların ən durğun dövrünü yaşayır.

Türkiyə iqtisadiyyatının əhəmiyyətli hissəsini turizm sahəsi təşkil edir. Bütün dünyada olduğu kimi, Türkiyədə də 2020-ci ildə ölkəyə gələn turistlərin sayı ötən illərə nisbətən azalıb. Bu tendensiyanın ən yaxşı ehtimalla daha bir neçə ay davam edəcəyi heç kəsə sirr deyil. Lakin, mütəxəssislər bir çox ölkələrdə, o cümlədən Türkiyədə də turizmin 2021-ci ildən daha sürətlə inkişaf edəcəyi qənaətindədirlər. Bu ilin sonuna qədər xaricdən gələn turistlərin əvvəlki illərə nisbətən təxminən 23 faiz azalacağı proqnozlaşdırılır. Əlbəttə ki, burada insanların psixoloji vəziyyəti əsas rol oynayır. Dünya təcrübəsi də onu göstərir ki, epidemiya və ya pandemiya kimi genişmiqyaslı sağlamlıq böhranı insanlar üzərində daha çox psixoloji təsir göstərir.

Mütəxəssislərin fikrincə, 2019-cu ildə Türkiyəyə gələn turist sayı 2023-ü ilə kimi bərpa ediləcək və hətta artım müşahidə olunacaq. Ölkədə turizm sahəsində ən sürətli bərpa prosesi isə İstanbul və Nevşehir şəhərinin Kapadokya bölgəsində gözlənilir. Lakin Türkiyə turizminin 65 faizi Antalya şəhərinin payına düşür. Hazırda ölkədə turizm mövsümünün başlamasına baxmayaraq, Antalyada bu sahə hələ də passivliyini qoruyur. Bunu nəzərə alaraq mütəxəssislər bu il pandemiyanın təsirindən ölkə turizminin ən yaxşı ehtimalla 11, ən pis ehtimalla isə təxminən 27 milyard ABŞ dolları zərərə uğraya biləcəyini deyirlər.

Dünyada ən çox ziyarət edilən ölkələr arasında altıncı, Avropada isə dördüncü sırada yer alan Türkiyəni 2019-cu ildə 51,7 milyon xarici turist ziyarət edib ki, bu da ölkə iqtisadiyyatına 34,5 milyard dollar qazandırıb. Bu rəqəm ölkədə turizm sahəsində indiyədək əldə edilən əl yüksək məbləğdir.

Ümumiyyətlə, statistik göstəricilərə əsasən, 2019-cu ildə dünyada beynəlxalq turistlərin sayı 1,5 milyarda çatıb. Bunun nəticəsi olaraq, dünya ölkələri turizm sahəsindən 1,5 trilyon dollar gəlir əldə edib.

Dünya Turizm Təşkilatı tərəfindən aparılan araşdırmaya əsasən, bu il mart ayının sonunda artıq dünya otellərində rezervasiyalar 75 faiz azalıb. Təşkilat 2020-ci ildə beynəlxalq turistlərin sayının 20-30 faiz, qlobal turizm xərclərinin isə 250-400 milyard dollar arasında azalacağının gözlənildiyini açıqlayıb.

Türkiyədə COVİD-19-a ilk yoluxma halının qeydə alındığı mart ayının göstəricilərinə baxdıqda artıq ölkədə əvvəlki illərin eyni dövrü ilə müqayisədə xarici turist sayının 65 faiz, turizm sahəsindən əldə edilən gəlirin isə 53 faiz azaldığını görmək olar.

Türkiyə Otelçilər Birliyi tərəfindən verilən məlumata əsasən, mart ayında ölkə otellərində doluluq səviyyəsi İstanbulda 60, Antalyada isə 49 faiz azalaraq 29 faiz təşkil edib. Qeyd edilən 29 faizi isə yerli turistlər doldurub. Onu da qeyd edək ki, ötən ilin aprel-may ayları ərzində Türkiyəni 8,3 milyon turist ziyarət edib, 4,6 milyard dollar gəlir əldə olunub.

Hazırda Türkiyədə COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması istiqamətində uğurlu mübarizə aparılır. Ölkədə postpandemiya dövrü üçün bütün sahələrdə olduğu kimi, turizmdə də dörd mərhələli xüsusi yol xəritəsi hazırlanıb. Plana uyğun olaraq, iyunun 1-dən etibarən ölkədaxili turizm, iyunun 10-dan isə beynəlxalq aviareyslər fəaliyyətə başlayır. İlkin mərhələdə ölkə otelləri 50 faiz doluluq səviyyəsi ilə fəaliyyət göstərəcək. Sahillərdə istirahət edənlərin sayı da sosial məsafə qaydaları çərçivəsində müəyyən edilir. Otellərdə açıq mətbəxlər hələ ki, istifadəyə verilməyib. Əyləncə məkanlarının açılması üçün də xüsusi hazırlıqlar görülür. Bu qaydalar dəniz turizmini də əhatə edir. Hazırda ölkənin turizm bölgələrində qiymətlərdə azalma müşahidə olunsa da iyul ayından etibarən istirahət zonalarında ödənişlərin nisbətən artacağı bildirilir.