Azərbaycan və Özbəkistanın ixracatçı təşkilatları arasında biznes-forum keçiriləcək

0
452

İyunun 9-12 tarixlərində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında “onlayn” formatlı biznes-forum keçiriləcək.

Forum Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyinin İxracın təşviqi agentliyi ilə birlikdə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil olunur.

İlk dəfə təşkil edilən “Made in Uzbekistan Online” biznes-forumu Özbəkistanın məhsulları ilə tanış olmaq, eləcə də Azərbaycanlı və özbək sahibkarlar arasında yeni biznes əlaqələri qurmaq üçün səmərəli işgüzar platformadır.

Forum yeni tip “COVID 2019” koronavirus pandemiyasının iqtisadiyyatın müxtəlif sahələrinə təsirini yüngülləşdirməyə kömək etməklə yanaşı, istər Azərbaycanda, istərsə də Özbəkistanda pandemiya şəraitində biznesə dəstək vasitəsi funksiyasını yerinə yetirəcəkdir.

Sözügedən biznes-forumda Özbəkistanın ixrac yönümlü məhsullarının 57 istehsalçısının, eləcə də Azərbaycanın 60-dan çox sahibkarının iştirakı gözlənilir.

Hər iki ölkənin nazirlik, agentlik və şirkətlərini təmsil edən nümayəndələrin iştirak edəcəkləri forumun plenar sessiyasının rəsmi açılışı iyunun 8-nə tarixinə planlaşdırılır.

Biznes-forumun proqramına iqtisadiyyatın aşağıdakı sahələri üzrə görüşlər daxildir:

– qida sənayesi və kənd təsərrüfatı – 9 iyun;

– maşınqayırma və dağ-mədən sənayesi – 10 iyun;

– yüngül sənaye – 11 iyun;

– elektrotexnika – 12 iyun.

Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b.ceo.az/welcome.htm