Diri-diri dəfn olunan kişi son anda canını qurtardı

0
433

Keçmiş müdiri intiqam məqsədilə kişini diri-diri basdırıb, lakin o, son anda torpağın altından çıxmağı bacararaq, xilas olub.

“IndiaDailyMail”in məlumatına görə, dəhşətli hadisə Hindistanın Qucarat ştatının Qondal şəhərində baş verib.

Zərərçəkən Kapil Marakana altı il yağbişirmə sexində işləyib. Müəssisə bir müddət sonra zərərə düşdüyü üçün başqasına satılıb. Sexin keçmiş rəhbəri bu uğursuzluqda K.Marakananı günahlandıraraq, ondan intiqam almaq istəyib.

Bu səbəbdən, o, əlbir olduğu iki şəxslə birlikdə gənci oğurlayıb və döyüb, sonra isə diri-diri basdırıb. Cinayətkarlar bir müddət gözlədikdən sonra yaxınlıqdakı daxmaya keçiblər.

Asayiş keşikçilərinin sözlərinə görə, bundan sonra Marakana torpağın altında çabalayaraq xilas ola bilib və dərhal oradan qaçıb. Lakin üçlük onu görərək arxasınca düşüb.

Zərərçəkən yaxınlıqdakı həbsxanaya kimi qaçaraq, polislərdən kömək istəyib. Bundan sonra polis əməkdaşları şübhəliləri saxlayıblar.

Hadisə ilə bağlı istintaq aparılır.