Qəsəbə sakinləri “Azəriqaz” əməkdaşlarına mane oldu – FOTO

0
397

Bakıda sakinlər “Azəriqaz”ın əməkdaşlarına mane olub.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, Binəqədi rayonu, Xocəsən qəsəbəsində qaz xəttinin yeri qeyri-qanuni şəkildə dəyişdirilib:

“Mayın 22-də, günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində, “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması üçün tədbir görülüb.

Bu zaman qəsəbə sakinləri “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar.

Bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.

“Azəriqaz” İB bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır və bu hallar aşkarlandıqca ləğv olunaraq, müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək”.