Bakı-Quba yolunda yük maşınlarının sürücülərinin özbaşınalığına niyə göz yumulur? – YENİLƏNİB + VİDEO

0
467

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda yük avtomobili sürücülərinin sol zolaqla hərəkət etməsi məsələsinə rəsmi münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  açıqlamasında bildirib ki, sürücülərin bu hərəkəti nəqliyyat vasitələrinin yolun hərəkət istiqamətində yerləşdirilməsi qaydalarının pozulmasıdır:

“Avtomobillər yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda, sol zolaqla idarə olunması qayda pozuntusudur. Eləcə də digər nəqliyyat vasitəsinin sağ zolaqdan ötmə əməliyyatı etməsi də yol hərəkəti qaydalarına ziddir”.

K.Əliyev yük maşınlarının həddən artıq yüklənməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Orada heç kim yük maşınlarının normadan artıq yükləndiyini deyə bilməz. Yük maşınlarında olan yüklərin çəkisi xüsusi tərəzilərin olduğu postlarda ölçülür. Əgər nəqliyyat vasitəsində normadan artıq yük varsa, o boşaldılır. Aydın məsələdir ki, bu kimi qayda pozuntusu halları inspektorlar, eləcə də xüsusi texniki vasitələr ilə aşkar edildikdə həmin sürücülər inzibati məsuliyyətə cəlb olunurlar”.

10:27

Yük maşınları avtomagistralda digər avtomobillərə maneə törədir.

video Bakı-Quba yolunda qeydə alınıb.

Paylaşım edən şəxs yük maşınlarının yolun sol zolağı ilə hərəkət etməsindən şikayətlənib:

“Yük maşınları yolun sağ zolağı ilə getməlidir. Yolları bərbad vəziyyətə salıblar. Digər hərəkət iştirakçılarına mane olurlar. Yolun sol zolağı ilə hərəkət edən yük maşınları arxadan gələn avtomobillərə ötmə əməliyyatı etməyə də imkan yaratmırlar. Ard-arda bir neçə yük maşını yolun sol zolağı ilə hərəkət edir”.

Videoda sol zolaqda hərəkət edən 99-JK-570 dövlət nömrə nişanlı, “Shacman” markalı yük maşınının qarşıdakı nəqliyyat vasitəsini sağdan ötməsi də görünür.

Şikayətçi bu vəziyyətin yaranmasında yol polisi əməkdaşlarını ittiham edib.