COVID-19 ilə bağlı tibb müəssisələrində çalışanların əməkhaqları necə hesablanır? – RƏSMİ + VİDEO

0
452

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarının hesablanması qaydaları açıqlanıb.

Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov bir neçə nümunə ilə hesablama qaydalarını izah edib:

“Tibbi profilaktik tədbirləri həyata keçirən 15 113 tibb işçisinə aylıq vəzifə maaşının üç misli məbləğində cəmi 4,9 milyon manat ödənilib. Yəni, tutaq ki, poliklinikada çalışan sahə pediatrının 13-cü dərəcə üzrə aylıq vəzifə maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə altı gün işə cəlb olunubsa, deməli 292 manat 32 qəpik müddətli əlavə almalıdır. 292,32 = ((406 / 25) x 6) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Təcili tibbi yardım xidməti göstərən 4 967 nəfər tibb işçisinə, həmçinin, bioloji materialın müayinəsi ilə məşğul olan 378 laboratoriya işçisinə aylıq vəzifə maaşının dörd misli məbləğində cəmi 4,7 milyon manat ödənilib. Hesablama qaydasına görə, təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə altı gün işə cəlb olunubsa, deməli 389 manat 76 qəpik müddətli əlavə almalıdır. 389,76 = ((406 / 25) x 6) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 1 004 tibb işçisinə aylıq vəzifə maaşının beş misli məbləğində cəmi 700 min manat ödənilib. Məsələn, xəstəxanada çalışan həkim infeksionistin 13-cü dərəcə aylıq vəzifə maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə altı gün işə cəlb olunubsa, deməli 487 manat 20 qəpik müddətli əlavə almalıdır. 487,20 = ((406 / 25) x 6) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır”.