Qobustanda abidənin tədqiqatına görə tikinti işləri dayandırıldı

0
327

Qobustan rayonunda Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aid tədqiqatın aparılması ilə bağlı ərazidə bütün tikinti işləri dayandırılıb”.

Bunu açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev bildirib.

O qeyd edib ki, tikinti işləri arxeoloji araşdırmadan sonra yerinə yetiriləcək:

Əraziyə baxış zamanı antik dövrə aid nekropolun mövcud olması müəyyən edilib. Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılığa gəlinib ki, arxeoloji işlər həyata keçirilsin. Tapşırıq verilib ki, tədqiqat başa çatdıqdan sonra tikinti işləri yerinə yetirilə bilər”.

Xatırladaq ki, mayın 10-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə institutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.

Əraziyə baxış keçirərkən müəyyən edilib ki, antik dövr nekropolu daş qutu qəbirlərdən ibarətdir və ümumilikdə, nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir.

Torpağın üst qatı ekskavator vasitəsilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb. Təəssüf ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılıb.