Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir

0
291

Azərbaycanda ünvanlı sosial yardım almaq üçün maraciət etmək prosedurları asanlaşacaq.

Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.

Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.

“Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, – deyə V.Bayramov əlavə edib.

Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.

“Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.

Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.