Tanınmış kinorejissor Tofiq İsmayılovun xatirəsi anılacaq

0
696

Bu gün milli kino sənətinin inkişafında əhəmiyyətli xidmətləri olan tanınmış kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 80 illiyi münasibətilə Yasamal qəbiristanlığındakı qəbirüstü abidəsi ziyarət ediləcək.

Anım mərasimində tanınmış kinorejissorun milli kino sənətimizin inkişafındakı xidmətlərindən danışılacaq.

Qeyd edək ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. O, “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi” və “Vulkana doğru” kimi filmlərin rejissorudur. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib. 1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda, İstanbulun Böyükşəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub, 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Tofiq İsmayılov 25 il davam edən “Sənətkarlığımızın portreti” bədii-sənədli filmlər silsiləsi üzərində çalışıb. Bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunmuş filmləri qeyd etmək olar. O, “Türk xalqlarının kino tarixi” üçcildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr yazıb. Əsərləri xarici dillərdə nəşr olunub.