Azərbaycanda orucluqla bağlı ikitirəlik yarandı – Şeyxin müavini orucu sabahdan tutmağa çağırdı, deputat əksini etdi

0
478

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya əsasən bu gün müsəlman aləmi üçün niyyət gecəsidir və sabahdan – 25 apreldən etibarən Ramazan ayı başlayır.

Amma həmişə olduğu kimi bu il də ölkədə orucluqla bağlı ikitirəlik mövcuddur. Belə ki, bir qisim insan artıq bu gündən – 24 apreldən oruc tutub, bəziləri isə bunu yanlış hesab edərək orucluğun sabahdan başladığını deyir.

Maraqlıdır, bu gün oruc tutmaq yanlış hesab olunur? Ümumiyyətlə bir gün fərqlə oruc tutmağın dində hər hansı fərqi var?

 


Məsələ ilə bağlı danışan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman deyir ki, bu gün Ramazan ayı üçün oruc tutanlar düzgün etmir, Ramazan ayının orucluğu sabahdan başlayır:

“Sabah orucluğun birinci günüdür. Bu gün oruc tutanlar Şaban ayının son orucunu tutmalıdır. Qafqaz Müsəlmanlar İdarəsi elan edib ki, Ramazan ayı sabah başlayır. Bu gün üçün niyyət edib tutanlar düzgün etmirlər. Hər kəs sabahdan Ramazan ayı üçün oruc tutmalıdır, başqa cür ola bilməz”.

 


Deputat Fazil Mustafa isə oruc tutmağa bu gün başlayanlardandır. Deputat deyir ki, kimin hansı gündə oruc tutmağa başlamasına kimsə qərar verə bilməz:

“Orucu hansı gündə tutmaq insanın şəxsi seçimidir. Bu İslamın mahiyyətinə toxunan məsələ deyil. Hər kəsin öz savabı, öz günahı var. İslam məntiqi ilə Ramazan ayı  bu gün başlayıb, mən də bu gündən etibarən oruc tutmağa başlamışam. Hansısa siyasi mülahizələrlə və başqa məsələlərlə orucluğun başlaması bir gün sonraya çəkilirsə, artıq bunu da problemə çevirmək lazım deyil. Yəni hər kəsin inancı özünə aid olan məsələdir. Kimsə sabahdan oruc tutmağa başlasa, onlar da özlərinə görə haqlıdır. Heç kimi bu gün ya da sabah oruc tutmasına görə qınamaq düzgün deyil. Bütün müsəlman dünyasının əksəriyyəti bu gündən oruc tutmağa başladığı üçün mən də bu gün başlamağa qərar verdim. Amma dediyim kimi, kimsə bu məsələyə qarşımamalıdır, kimin haqlı ya da haqsız olduğuna Allah bilər”.