Lənkəranda obyektləri qarət edən şəxslər tutuldu – FOTO

0
600

Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini N.İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə, 1032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif növ ətirlərin oğurlandığını bildirib. Lənkəran ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayonun Kərgəlan kənd sakini Rahim İbadov olduğu müəyyən edilib. Saxlanılan R.İbadovun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən də ümumilikdə dəyəri 3410 manat olan noutbuk, printer aparatı, modem, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub.

Lənkəran ŞPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə dəyəri  2470 manat olan televizor, dijital aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb.

Hər iki şəxsdən oğurladığı əşyalar aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.