Dünyadakı vəziyyəti nəzərə alsaq, bu gün öyrəşdiyimiz təhlükəsizlik sistemlərinin çökməsi ərəfəsində yaşadığımız zamanda Azərbaycanın müdafiə təyinatlı məhsulunun istehsalının artımı çox təqdirəlayiqdir.
Bu barədə açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra yeni era başlayacaq – hərə özünə cavabdeh olacaq.
“Azərbaycan hərbi potensialının artımına sosial xərclərin azaldılması və ya əhalinin həyat səviyyəsinin aşağı salınması bahasına nail olmur. Bu isə ancaq məmnuniyyət doğura bilər. Hazırda Azərbaycan Ordusunun döyüş effektivliyinin artmasını müşahidə edərək, Bakının öz ölkəsinin milli təhlükəsizliyinə nə qədər diqqət yetirdiyini qeyd etmək olar. Müqayisə üçün deyim ki, məsələn, Ukrayna dünyada baş verən prosesləri nəzərə alaraq, əksinə, təəssüf ki, hərbi islahatlar proqramlarını sonlandırmaq məcburiyyətində qalıb”, – deyə həmsöhbətimiz qeyd edib.
Ekspert hazırda Azərbaycan Ordusunun işğal altında olan torpaqlarını geri qaytarmaq üçün əməliyyata başlamağa hazır olduğunu vurğulayıb:
“Azərbaycan Dağlıq Qarabağ ərazisini bir hərbi əməliyyat, bir hərbi sıçrayışla geri qaytararaq, məsələni həll edə bilər. Əlbəttə ki, Bakı münaqişəyə bu və ya digər şəkildə təsir edə biləcək bir sıra amilləri, daha doğrusu, mane olmaq istəyənləri nəzərə almasa”.