Dövlət 5 752 sahibkarın bank hesablarına pul köçürüb

0
380

Bu gün, aprelin 13-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 1 983 vergi ödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2 560 fərdi (mikro) sahibkara isə 2  milyon 948 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.

Bu barədə  Maliyyə Nazirliyindən bildirilir.

Bundan əvvəl, 9 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8 milyon 939 min manat həcmində maliyyə dəstəyinin göstərilməsi təmin edilib.

Koronavirus (COVİD-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.