Qurani-Kərim dünya ölkələrinin konstitusiyasına çevrilə bilər

0
498
İslamın mahiyyətini dərindən mənimsədikcə aydın olur ki, Uca Allahın insanlığa endirdiyi bu rəhmət dini insanlığın qurtuluşunda mühüm rol oynayır. Təsadüfi deyil ki, islamın mübarək kitabı Qurani-Kərimdə Allahu-Təala heç bir ayətdə “Ey müslimanlar” demir, yalnız “Ey insanlar, ey möminlər” deyib insanlığa müraciət etdiyini bəyan edir. Bu baxımdan islam dininin mərkəzində insan modeli dayanır.
Demokratik dünya insan haqları və hürriyyət kimi şüarlarla çıxış etdiyi bir vaxtda diqqətlə baxsa, aydın görər ki, hələ XIV əsr bundan qabaq Allahu-Təala sevgili peyğmbərimiz Muhamməd Əleyhissəlam vasitəsilə insanlara çatdırdığı mübarək kəlamında insanların bir-biri qarşısında bərabər olduğundan, yaranmışın yalnız Yaradana qulluq etmək vəzifəsi daşımasından, insan haqlarının pozulmasının cəmiyyətdə böyük fəsad yaradıb tarazlığı poza biləcəyindən bəhs etmişdir. Peyğəmbər əfəndimizin (SƏS) istər Qurani-Kərimdə, istərsə də islamı insanlara çatdırdığı və təbliğ etdiyi səhih hədislərdə islamın bütün insanlığın xilası olmasına geniş yer verilmişdir. İslam bir qövmə, bir topluma endirilmiş inanclar qaynağı deyil, bütün bəşəriyyət üçün vacib olan din və əxlaq modelidir. İslamda insanın necə insan ola bilməsindən, mərhələ-mərhələ kamilləşməsindən, Uca Allaha qulluq etməsindən, inancını azad yaşaya bilməsindən, halal və haramı anlamasından, bir-birinə yalnız insan olduğu üçün sevgi və sayğıyla yanaşmasından, bir-biri qarşısında qul borcu deyilən insanlıq haqqı olduğundan, həm bu dünya üçün, həm də axirət üçün yaşaya bilməyin vacibliyindən təkrar-təkrar bəhs olunur. Bu baxımdan islam sevgi dini, barış dini, insanlıq dinidir. İslamda millət anlayışı deyil, insan anlayışı qabarıqdır.
Əziz peyğəmbərimiz Muhamməd Əleyhissəlam vida xütbəsində bütün dövrlərin demokratiyası üçün örnək sayılacaq məşhur kəlamında Uca Allaha şəhadətən təsadüfən söyləməmişdir ki, “Heç bir ərəb əcəmdən, heç bir əcəm də ərəbdən üstün deyil. İnsan bir-birindən yalnız təqvasıyla üstündür”. Məhz islamın mahiyyəti bu şəkildə anlaşıla bilsə, mübarək Qurani-Kərim dünya ölkələrinin konstitusiyasına çevrilə bilər. Bəşəriyyətin xilas yolu insan modelini əsas götürən islamı dərindən öyrənmək və düzgün anlamaqdan keçir.