Şad xəbər: Fransada koronavirusa qarşı dərman uğurla sınaqdan keçirildi

0
452

Fransız alimləri mövcud iki dərman preparatının – hidroksixloroxin və azitromisinin kombinasiyanın yeni tip SARS-CoV-2 koronavirusa qarşı klinik sınaqlarının uğurla nəticələndiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “International Journal of Antimicrobial Agents” jurnalı yazıb.

Hazırda dünyada COVID-19 koronavirusa qarşı xüsusi dərman preparatları olmadığı üçün, demək olar ki, bir çox kliniki sınaqlar mövcud preparatların virusa təsirləri üzərində aparılır.

Tədqiqat, əsasən, iki qrup preparat ətrafında aparılır: remdesivir – virusa qarşı geniş aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları – xloroxin və hidroksixloroxin.

Laboratoriya şəraitində hər üç preparat SARS-CoV-2-yə qarşı aktivlik göstərib, xloroxin isə artıq Çində COVID-19-un müalicəsi zamanı tövsiyə edilən vasitələrdən birinə çevrilib.

Fransız alimləri hidroksixloroxinin ayrılıqda və azitromisin antibiotiki ilə birləşmə halında COVID-19-un müalicəsinə təsiri ilə bağlı kliniki sınaqlar keçirib.

36 xəstə üzərində aparılan tədqiqatlar sonradan altı xəstə ilə davam etdirilib. Xəstələr hidroksixloroxinin və azitromisin kombinasiyasına müsbət reaksiya verib, gündəlik olaraq onlar preparatların əks təsirlərinin olub-olmamasını yoxlamaq üçün elektrokardioqrammadan keçirilib.

Artıq tədqiqatların beşinci günündə koronavirusa yoluxmuş xəstələr üzərində aparılan testlər mənfi nəticə verməyə başlayıb. Daha doğrusu, bütün xəstələr beş gün ərzində COVID-19 koronavirusundan tamamilə müalicə edilib.

Maraqlısı budur ki, yalnız hidroksixloroxin qəbul edən xəstə sağalmayıb və yalnız müalicənin səkkizinci günündə paralel olaraq azitromisin qəbuluna başlanılıb. Müalicənin 10-cu günündə sözügedən xəstənin də testləri mənfi nəticə verib.