İşçilərin əsassız yerə ixtisarına yol verən işəgötürənlərlə bağlı ciddi tədbirlər görüləcək

0
469

İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə Bildiriş yayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə bildirişdə deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir.

Dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə 1 (bir) milyard manat vəsait ayrılıb, habelə müvafiq Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub.

Göründüyü kimi, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırki şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər.

İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək”