“Dədə Qorqud” filmi, Naxçıvan tənburu və ya qolça qopuz

0
615

Çox qədim musiqi aləti olan tənbur və ya şirud qopuzun bir növü olub, “qolça qopuz” adı ilə də tanınıb. “Dədə Qorqud” filmində həmin alətdən istifadə edilib. Mizrabla çalınan ən qədim musiqi alətlərindən biri olan tənbur bir sıra xalqlara məxsus alətdir. Əksər xalqlar tənburu əsrlərlə yaşadıb, inkişaf etdirib, xalq çalğı aləti kimi qoruyub. Hazırda tənbur Orta Asiya xalqları tərəfindən yaşadılaraq musiqi aləti kimi geniş miqyasda tədris olunur. Bu alət üçün xüsusi musiqilər yazılır, konsert proqramlarında ondan professional səviyyədə istifadə edilir.

Milli.Az bildirir ki, Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri, musiqi tənqidçisi Fətəli Axundzadə bu barədə danışıb.

Bütün musiqi alətlərinin “müəllimi”

Fətəli Axundzadə qeyd edib ki, tənbur armudvarı, kiçik, çanaqdan, uzun qoldan və bu qol üzərində bağlanmış 16-ya qədər pərdədən ibarətdir. Alətin simlərinin sayı növündən asılı olur. Tənbur muğamların ən çox ifa edildiyi alət kimi hələ qədim zamanlardan şöhrət tapıb. Orta əsr musiqi alimi Dərviş Əli tənburu “bütün musiqi alətlərinin müəllimi” hesab edib. Heç də təəccüblü deyil ki, Məhəmməd Füzuli “Yeddi cam” poemasında “Setar ilə söhbət” başlığında onu tənburdan fərqləndirməyərək deyir:

Rəğbət elə tənbura, müğənni, gəl ürəkdən

Rəğbət açarı ilə ona da bir qapı aç sən.

Aç bir qapı ki, zahir olub nəşələr ondan,

Qəlblərə gülərək daima olar gül kimi xəndan.

Füzuli də tərk eyləyərək qorxmaz əzabdan,

Bu hali-büstadan qoparar nəşələr hər an.

Tənburun Azərbaycan ərazisində istifadəsindən və onun həmnövlərindən bəhs edən Fətəli Axundzadə bu məsələdə Əbdülqadir Marağayinin fikirlərini diqqətə çatdırıb. Əbdülqadir Marağayi deyib: “Şirvanlılar tənburu o sazdır ki, təbrizlilər ondan çox istifadə edərlər. Onun quruluşu armud şəklində olub, səthi uzundur. Ona iki tək sim bağlanır. Simlərinin ahəngi tərəflərə nisbətən ətrafa daha geniş yayılır. Simlər hər biri digərindən aşağıda yerləşir”.

Bir kök üstə, bir gövdə üzərində birləşən və birliyin simvolu – Naxçıvan tənburu

“Dövrümüzə kimi gəlib çıxmış tənbur növlərindən fərqli olaraq muxtar respublikada yaşayan, bir çox qədim alətlərə yenidən həyat verən İxtiyar Seyidov 1998-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil aldığı dövrdə “Türk dövlətləri birliyi” adlı simpoziuma simvolik olaraq Naxçıvan tənburu hazırlayıb təqdim etmişdi”, – deyən musiqi tənqidçisi bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 29 mart tarixli Sərəncamına əsasən həmin il bu təhsil ocağının yubileyi dövlət səviyyəsində qeyd olunub. Ali Məclisin Sədri qədim musiqi aləti olan Naxçıvan tənburunu Musiqi Kollecinə hədiyyə edib, kollecdə Azərbaycan xalq musiqisi sinfinin yaradılması, sinfin milli musiqi nəzəriyyəsinə aid ədəbiyyatlarla və xalq çalğı alətləri ilə zənginləşdirilməsi barədə tapşırıq verib. İxtiyar Seyidovun bərpa etdiyi qopuz, rud, çəğanə, rübab kimi qədim musiqi alətləri də Naxçıvan Musiqi Kollecinə verilib, onların tədrisi uğurla həyata keçirilir.

Fətəli Axundzadə qeyd edib ki, İxtiyar Seyidovun ixtira etdiyi alətin hər bir tərəfi bir musiqi aləti olan üçtərəfli tənbur gözəl səsə malik, uzunluğu 110, eni 12 santimetr, 30-a yaxın simi olan və mizrabla çalınan alət kimi formalaşıb. Bir tərəfi – saz, digər tərəfi – tənbur, üçüncü tərəfi – çəng səsinə malik olan Naxçıvan tənburunun ixtiraçısı İxtiyar Seyidov alətin mənasını belə izah edir: “Bildiyimiz kimi, bütün türkdilli xalqlar arasında geniş yayılan bu alətlər, yəni saz, tənbur, çəng alətlərini mən birlik rəmzi kimi bir kök üstə, bir gövdə üzərində birləşdirdim və mənası da budur ki, bütün türkdilli xalqların başqa-başqa dövlətləri olsa da, kökləri birdir. Alətin aşıqlarının hər biri ayrı-ayrı simləri kökləyərək musiqi alətini rəmzi bir mənaya gətirib çıxarır”.

Üç ağacın “bəhrəsi”

Tənbur alətinə 3 tel bağlanır. Birinci tel kiçik oktavanın si bemol səsinə, orta – ikinci tel kiçik oktavanın mi bemol səsinə, üçüncü – yuxarıdakı tel isə birinci teldən 1 ton aşağı yəni, lya bemol səsinə köklənir. Amma istənilən vaxt orta telin səsini dəyişərək 1 ton yuxarı və aşağı istiqamətə kökləyərək ifa etmək olar. Əsasən, metal tellərə malik olan bu alət mizrabla ifa olunur.

İkinci tərəf saz aləti eynilə dövrümüzdə istifadə etdiyimiz saz kimi köklənir və mizrabla ifa olunur, 6 teldən ibarətdir.

Üçüncü tərəf isə çəng alətinin səsinə malik, 21 teldən ibarətdir. Köklənmə sistemi ikinci oktavanın do səsindən başlayaraq diatonik şəkildə üçüncü oktavaya qədər köklənir.

“Naxçıvan tənburunun çanaq hissəsi, əsasən, tut ağacından, qol hissəsi ceviz, aşıqları isə armud ağaclarından hazırlanır. Tərəflərin üz hissəsinə isə 3 millimetr qalınlıqda deka yapışdırılır”, – deyən Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri vurğulayıb ki, mədəniyyət beşiyi sayılan ulu diyarımızda bu gün də qədim musiqi alətləri qorunub saxlanılır, təbliğ olunur, gənc nəslə aşılanır. Muxtar respublikada təşkil olunan el şənliklərində, müxtəlif festivallarda və digər tədbirlərdə qədim xalq çalğı alətlərinin də sədasını eşidir, milli musiqi mədəniyyətimizin zənginliyi ilə öyünürük.

Dövrümüzdə ilk dəfə olaraq istifadə edilən musiqi alətləri

O qeyd edib ki, muxtar respublikada milli və mənəvi dəyərlərin yaşadılmasına, qiymətli mədəni irsimizin qorunmasına dövlət qayğısının bariz nümunəsi kimi ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətləri hədiyyə olunub. Avqustun 30-da hədiyyə edilmiş 18 adda, 20 sayda olan bu qədim musiqi alətləri içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi dövrümüzdə ilk dəfə olaraq istifadə edilir. Naxçıvan Dövlət Filarmoniyasının nəzdində haqqında bəhs etdiyimiz hədiyyə olunmuş musiqi alətlərindən ibarət Xalq Çalğı Alətləri Orkestri formalaşıb. Orkestrin yaradılması qədim musiqi mədəniyyətimizi təbliğ edəcək peşəkar ifaçıların formalaşmasına, milli musiqimizdən ibarət konsert proqramlarının professional formada təqdim olunmasına xidmət edir. Türk xalqları birliyini tərənnüm edən Naxçıvan tənburu isə çox gözəl səsə malik bir musiqi aləti kimi xalqımız tərəfindən bundan sonra da seviləcək və onun səsi Azərbaycan xalqı durduqca hər zaman eşidiləcək.