Milli Məclisdə Qarabağ komitəsi yaradılsın – TƏKLİF

0
364

Milli Məclisdə Qarabağ komitəsi yaradılsın - TƏKLİF

Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələ parlamentdə müzakirəyə çıxarılıb.

Millət vəkilləri qanunvericilik işlər planına təkliflərini irəli sürüb.

Deputat Fazil Mustafa distant təhsillə bağlı müzakirə açıb. O, koronavirusun tüğyan etdiyi bir məqamda buna ehtiyac olduğunu deyib: “İndi ölkəmizdə yalnız İqtisad Universiteti buna hazır olduğunu bildirib. Hesab edirəm ki, parlamentin komitələri bu haqda düşünməli, təkliflərini irəli sürməlidir”.

Professor Musa Qasımlı isə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu deyib. Deputat V çağırış Milli Məclisdə bu layihə haqqında danışıqlar getdiyini xatırladıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə spikeri təbrik edib: “Sahibə xanım alimdir. Hesab edirəm ki, qanunverici hakimiyyətə xanımın rəhbərlik etməsi müzakirələr zamanı emosiyalara həlimlik gətirəcək. Komitələrin rəhbərliyində siyasi partiyalar iştirak edir. Bu, çoxpartiyalı sistemin inkişafına təkan verəcək”.

Deputat Qüdrət Həsənquliyev isə qeyd edib ki, yaz sessiyasında ciddi qanun layihələrinin müzakirəsi gözlənilir: “İlk dəfədir ki, Milli Məclisdə Prezidentin tövsiyyəsi ilə azlıqda qalan tərəf də parlament idarəçiliyində təmsil olunur. Parlamentin komitələrini yenidən müzakirə etməliyik. Bəzi komitələri birləşdirə, bəzi yeni komitələr yarada bilərik. Belə komitələrdən biri Qarabağ komitəsi ola bilər. Eyni zamanda, işğal edilən ərazilərimiz haqqında qanun layihəsinin qəbuluna ehtiyac var. İşğal olunmuş ərazilərimizdə xarici şirkətlər işləyir və orada sponsorluq edirlər. Ona görə də həmin ərazilərin hüquqi statusuna dair qanunun qəbul edilməsinə böyük ehtiyac var. Həmçinin “Deputat statusu haqqında” Qanunun yenidən müzakirə edilməsinə ehtiyac var”.