Rezidenturaya sənəd qəbulunun vaxtı uzadıldı

0
359
Rezidenturaya sənəd qəbulunun vaxtı uzadıldı
2020/2021-ci tədris ili üçün rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sənəd qəbulunun vaxtı martın 2-si saat 13:00-a qədər uzadılıb. Bu günə qədər 1356 namizəd ərizəsini təsdiq edib. Onlardan 1196-sı Azərbaycan, 160-ı isə rus bölməsinə aiddir.

Qeyd edək ki, əvvəlki məlumatda sənəd qəbulunun fevralın 27-də saat 23:59-da başa çatacağı qeyd edilirdi. Xatırladaq ki, imtahana yalnız elektron ərizəsini təsdiq etmiş namizədlər buraxılır. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da keçiriləcək.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar.

Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən cari ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. İmtahanda iştirak etmək arzusunda olan tələbələr Mərkəz fevralın 27-dək qeydiyyatdan keçməlidirlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.