Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi

0
440

Nazirlər Kabineti özünün “Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, yuxarıda adıçəkilən Əsasnamənin 3-cü hissəsinin ikinci abzası ləğv edilsin.

Bundan əvvəlki qərarla (1999-cu il 11 avqust tarixli) Əsasnamənin 3-cü hissəsinin ikinci abzasında yazılırdı ki, Komissiya avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir.

Əli Əsədovun qərarla isə Komissiyanın bu səlahiyyəti əlindən alınıb.

Qeyd edək ki, qərar Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli fərmanının 1.3-cü bəndini təmin etmək məqsədi ilə imzalanıb.

“Yol Hərəkəti haqqında” qanunun 9-cu maddəsinin 9-cu bəndinə əsasən avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.

Bundan sonra avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələri Daxili İşlər Nazirliyi, Bakıda isə Bakı Nəqliyyat Agentliyinin (svetoforlar və yol nişanlarına münasibətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla) qərarı ilə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq tətbiq olunacaq.