Musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan olunmuş müsabiqənin müsahibə mərhələsi yekunlaşıb

0
416

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün ötən il oktyabrın 18-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi keçirilib.

Komissiyadan bildirilib ki, müsabiqəyə çıxarılmış 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd təqdim edib. Ötən il dekabrın 25-26-da keçirilmiş test imtahanlarında iştirak edən 60 namizəddən 13-ü müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak ediblər.

Qanunvericiliyə əsasən müsahibənin keçirilməsi üçün 5 üzvdən ibarət komissiya yaradılıb. Müsahibə zamanı namizədlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətləri yoxlanılıb. Bu mərhələdə namizədlərə tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt verilib. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Müsahibə mərhələsində 12 nəfər iştirak edib. Müvafiq keçid balını (12 və ya daha çox) toplayaraq uğur qazanmış 8 namizədin sənədləri işə təyinat üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə göndəriləcəkdir.