Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla ölkəni məhv olmaq təhlükəsindən xilas edib – Foto

0
338

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirliyin əməkdaşlarının, Pekində yaşayan azərbaycanlıların, Çinin ali təhsil ocaqlarında təhsil alan tələbələrimizin iştirak etdikləri tədbirdə əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Əkrəm Zeynallı ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsindəki əvəzsiz xidmətləri barədə danışıb, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Bildirib ki, ölkənin çətin dövründə – 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla ölkəni məhv olmaq təhlükəsindən xilas edib. Görkəmli siyasi liderin Azərbaycanın müstəqil xarici və daxili siyasət doktrinasının əsaslarını yaratdığını qeyd edən səfir xalqımızın öz dahi oğlunu unutmadığını, nəinki Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda Ümummilli Liderin xatirəsinin ehtiramla yad edildiyini diqqətə çatdırıb.

Azərbaycanda dövlət quruculuğu sahəsində Ümummilli Liderin fəaliyyətindən geniş danışan səfir onun Azərbaycan-Çin münasibətlərindəki rolu barədə də tədbir iştirakçılarına məlumat verib. Bu xüsusda Ulu Öndərin müasir Azərbaycan-Çin münasibətlərinin banisi olduğunu qeyd edib, onun 1994-cü ilin martında Çin Xalq Respublikasına rəsmi səfərini xatırladıb. Bu səfərin müasir Azərbaycan-Çin münasibətlərinin inkişaf istiqamətlərini müəyyənləşdirdiyini vurğulayıb. Bu siyasətin hazırda, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi qeyd olunub.

Digər çıxış edənlər dahi şəxsiyyətin dövlətçiliyimizdəki rolundan bəhs ediblər.

Sonda ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş etdirilib.