Çin XİN rəhbəri: “Azərbaycan Prezidenti İlham Əliyev ÇXR Sədri Si Cinpinin ən yaxın dostlarından biridir”

0
483

Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İyə “Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub.

Çin Xarici İşlər Nazirliyində keçirilən mərasimdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, bu məsələdə dövlət başçıları İlham Əliyevin və Si Cinpinin münasibətlərimizin möhkəmləndirilməsi ilə bağlı qərarlarının böyük rol oynadığını deyib. Bildirib ki, Prezident İlham Əliyev ölkəmizin Çin ilə münasibətlərinin möhkəmlənməsinə böyük əhəmiyyət verir. Azərbaycan və Çin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli formatda səmərəli əməkdaşlıq edir. Azərbaycan hər zaman “Vahid Çin” siyasətini dəstəkləyir və Çinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə olan dəstəyini yüksək qiymətləndirir.

Səfri Ə.Zeynallı Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün əlverişli coğrafi mövqeyi, iqtisadi və nəqliyyat-logistika potensialı ilə layihənin icrasında mühüm rola malik olduğunu deyib. Bu təşəbbüs iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsinə töhfə verir, müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin aprelində Pekində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakı ölkəmizin bu çərçivədə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu göstərir.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarının Çin Xalq Respublikasının Sədri Si Cinpinə çatdırılmasını xahiş edib.

Qeyd olunub ki, Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İ iki ölkə arasında münasibətlərin inkişafında böyük rol oynayıb. Azərbaycan Xarici İşlər nazirinin müvafiq sərəncamı ilə Azərbaycan ilə əlaqələrin inkişafında və gücləndirilməsindəki xüsusi xidmətlərinə görə Van İ “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunub.

Çinin Azərbaycan ilə əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini bildirən Çin Dövlət Şurasının üzvü, Xarici İşlər naziri Van İ dövlət başçıları arasında çox möhkəm və inamlı münasibətlərin yarandığını, Prezident İlham Əliyevin ÇXR Sədri Si Cinpinin ən yaxın dostlarından biri olduğunu deyib.

Nazir Van İ bildirib ki, ölkələrimiz həmişə bir-birini həssas məsələlərdə dəstəkləyir. O, cari ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmizin onda çox yaxşı təəssürat yaratdığını deyib.

Çin rəsmisi “Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunmasından şərəf duyduğunu bildirib, bu medalın onun əməyinə verilən böyük dəyər olmaqla yanaşı, iki ölkə arasında dostluğun göstəricisi olduğunu deyib.