Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən Müdafiə naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir.
Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.
Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.
Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.
Öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edən diplomat Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Səfir Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.