Bakıda Radio və Televiziya İşçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

0
381

Dünən Bakıda 6 Noyabr – Radio və Televiziya İşçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, digər dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar işrirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin güzgüsüdür. Ə.Həsənov vurğulayıb ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, teleradio eyni zamanda Azərbaycanın siyasi salnaməsini yaradır.

PA rəsmisi bildirib ki, Ümumilli lider Heydər Əliyev teleradio fəaliyyətinə böyük önəm verirdi. Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib və xüsusilə müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Ə.Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi.

Ə.Həsənov vurğulayıb ki, bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kampaniyaları fəaliyyət göstərir. Bildirib ki, bu gün Azərbaycan teleradio kampaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kampaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Ə.Həsənovun sözlərinə görə, teleradio kampaniyaları bu gün Azərbaycanı, ölkənin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir.

Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, Azərbaycanda teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən birinə çevrilib. O qeyd edib ki, teleradio KİV-lər arasında öncül mövqeyini qoruyub saxlaya bilib. N.Məhərrəmli bildirib ki, sovetlər dövründə məhdudiyyətlərə baxmayaraq o zaman Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri teleradio sahəsində gözəl bədii mühit yaratmağı bacarmışdı. MTRŞ sədri qeyd edib ki, müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı və teleradio sahəsinə bir zənginlik gəldi.