Bu proses zamanı qadınlarda qarın piyləri niyə artır? – Həkim səbəbləri açıqladı

Menopauza dövründə hormonal dəyişikliklər maddələr mübadiləsinə və piy toxumasının bədəndə paylanmasına təsir göstərərək, xüsusilə qarın nahiyəsində piylənməyə səbəb ola bilər.

Bu barədə mama-ginekoloq, tibb elmləri doktoru Karina Bondarenko “5-ci kanal”ın efirində danışıb.

Mütəxəssisin sözlərinə görə, estrogen hormonunun səviyyəsinin azalması nəticəsində piy toxuması daha çox qarın nahiyəsində toplanır. Xüsusilə daxili orqanların ətrafında yerləşən visseral piylərin miqdarı arta bilər. Bu toxuma xroniki iltihabı gücləndirə, hüceyrələrin insulinə həssaslığını azalda, iştaha və çəkiyə təsir göstərə bilər.

Həkim bildirib ki, menopauzaya keçid dövründə maddələr mübadiləsinin yavaşlaması və bədən quruluşunun dəyişməsi elmi cəhətdən təsdiqlənib. Hormonal dalğalanmalar piylərin paylanmasını dəyişdirdiyindən, çəki artımını yalnız iradə zəifliyi ilə əlaqələndirmək düzgün deyil.

Bondarenko sağlam həyat tərzi ilə yanaşı, inozitollara da diqqət yetirməyi təklif edib. Onun sözlərinə görə, bu maddələr hüceyrələrdə insulin siqnallarının ötürülməsində iştirak edir və karbohidrat mübadiləsinin tənzimlənməsi ilə əlaqəlidir.

Həkim inozitolların xromla birlikdə qəbulunu da qeyd edib. Bildirib ki, bu mikroelement insulinə həssaslığa, aclıq hissinə və şirniyyata meyilliliyə təsir göstərə bilər.