ABŞ-də noyabrın 12-dən etibarən müxtəlif sahələrdə baş verən texniki nasazlıqlar ölkədə ciddi narahatlıq yaradıb. Aviasiya, bankçılıq, texnologiya şirkətləri və dövlət qurumlarının sistemlərində yaranan fasilələr Vaşinqtonda müzakirələrə səbəb olub.
Məlumata görə, ilk ciddi problem noyabrın 12-də Microsoft 365 xidmətlərində, xüsusilə Outlook və Exchange Online sistemlərində yaranıb. Təxminən 24 saat davam edən nasazlıq bir sıra şirkətlərin fəaliyyətinə təsir göstərib.
Noyabrın 13-də isə Federal Aviasiya Administrasiyasının (FAA) hava hərəkətinin idarə edilməsi sistemində rabitə və radar problemləri qeydə alınıb. Nəticədə uçuşlar təxminən 4 saat 45 dəqiqə dayandırılıb, həmin gün 12 mindən çox reys ləğv edilib. Havada olan təxminən 3 500 təyyarə təhlükəsiz şəkildə yerə endirilib.
Sonrakı günlərdə United Airlines, JPMorgan Chase, Amazon Web Services və Apple-ın bəzi xidmətlərində də texniki problemlər yaşanıb. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili rabitə şəbəkəsində yaranan nasazlıq isə əlavə narahatlıq doğurub.
FAA-nın araşdırmasına əsasən, aviasiya sistemindəki problemin əsas səbəblərindən biri köhnəlmiş rabitə infrastrukturunun qeyri-sabitliyi və şəbəkənin həddindən artıq yüklənməsi olub.
Noyabrın 18-də ABŞ Konqresində məsələ ilə bağlı dinləmə keçirilib. Rəsmilər hadisələrin əlaqələndirilmiş kiberhücum nəticəsində baş verdiyinə dair hər hansı sübutun olmadığını bildiriblər. Bununla belə, qısa müddətdə bu qədər çox sistemdə nasazlığın yaranması ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyi ilə bağlı suallar doğurub.



