Berlin Cənubi Qafqazda Moskvaya qarşı – İrəvan və Bakıdan nə istəyirlər?

“Rusiyanın Cənubi Qafqazda təsirini artırmaq cəhdlərinə qarşı Ermənistan və Azərbaycanın Avropa ilə əlaqələrini gücləndirmək istəyini dəstəkləməliyik”.

Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.

O bildirib ki, Rusiyanın regionda təsirini artırmağın qarşısını almaq Avropanın maraqlarına uyğundur. Əlavə edib ki, Avropa Ukraynanın nümunəsində Rusiyanın təsirinin güclənməsinin nəticələrini görüb.

“Ermənistanı Avropaya yaxınlaşdırmaq üçün siyasi və ekoloji əlaqələrin genişləndirilməsi fürsətlərdən biridir. Digər tərəfdən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməliyik. Mən iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına töhfə vermək istəyirəm”, – o bildirib.

Alman nazir qeyd edib ki, Azərbaycanla iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirmək lazımdır: “Azərbaycan Almaniya və digər Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaşlardandır. Biz Azərbaycandan etibarlı şəkildə neft və qaz alırıq”.