Bu gün “LIBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı və imza saatı keçirildi.
Səmimi və maraqlı ədəbi görüşdə dəyərli ziyalılarımızın — AMEA-nın həqiqi üzvü, millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin, SİTA-nın İstanbuldakı sabiq xüsusi müxbiri Azər Cahangirovun və digər qonaqların kitab haqqında fikirləri maraqla qarşılandı.
Təqdimat mərasimində oxumağın insan həyatındakı yeri, yaddaş və unutmaq arasındakı qəribə, eyni zamanda düşündürücü münasibət barədə dəyərli mülahizələr səsləndirildi.
Tədbirdə Rafael Hüseynovun çıxışı xüsusi maraq doğurdu. Rafael müəllim kitab haqqında danışarkən yenə də özünəməxsus möhtəşəm, məntiqli və dərin məzmunlu nitqi ilə zalı sükuta qərq etdi. Sanki o, tədbir iştirakçılarına “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı fonunda bəlağətli nitqi ilə özünün tamam fərqli, yeni bir əsərini də təqdim etdi. Bir anın içində dinləyiciləri yenidən tarixə, ədəbiyyata, sözün və qələmin qüdrətinə qaytardı; söz ustadlarını, qələm sahiblərini unutmamağa, onların irsinə sahib çıxmağa səslədi. Rafael Hüseynov kitabın mənəvi ucalığını, sözün əbədi gücünü vəsf edərək, oxumaq qədər ədəbiyyatımızda iz qoyanları unutmamağa çağırdı.
“LIBRAFF” kitab mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutan bu təqdimat insanı bir daha düşünməyə, kitaba və mütaliəyə fərqli gözlə baxmağa səslədi. Eyni zamanda xatırlatdı ki, kitab yalnız oxumaq üçün deyil, həm də düşünmək, özünü kəşf etmək və başqalarının düşüncə dünyasına səyahət etmək üçündür.








