“Qazaxıstan prezidenti Moskvanı türk birliyinə dəvət etdiyi bir vaxtda Kreml qırğız-türk yazıçısı haqda filmdən repressiya səhnələrini silməklə türk dünyasının ortaq dəyərlərinə zidd mövqe tutur. Bu da təsdiqləyir ki, tarixi yaddaşa senzura qoyan indiki Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmağa layiq deyil…”
Qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edən “Aytmatov” bioqrafik filminin Qazaxıstandakı premyerasının qəfil təxirə salınması ölkədə geniş rezonans doğurub.
Moderator.az Ukraynanın “Fokus”, Qazaxıstanın “Kursiv”, “BES.media” və “Exclusive.kz” nəşrlərinə istinadən xəbər verir ki, noyabrın 12-nə planlaşdırılan nümayiş yaradıcı heyətin qərarı ilə təxminən üç həftə sonraya – dekabrın 3-nə keçirilib.
Filmin yaradıcıları “Instagram” hesablarında premyeranın “onlardan asılı olmayan səbəblərdən” təxirə salındığını bildirsələr də, konkret açıqlama verməyiblər. Rejissor Kanıbek Kalmatov məsələyə yalnız “Öhdəsindən gələrik” kimi qısa şərhlə reaksiya verib.
Qazaxıstanlı kinoşünas Dmitri Mostovoy isə bu qərarın arxasında iki əsas amilin dayana biləcəyini bildirib. Onun sözlərinə görə, noyabrın 4-də Rusiya kinoteatrlarında prokata çıxan ekran əsəri orada ciddi senzuraya məruz qalıb. Belə ki, Rusiya tərəfinin tələbi ilə filmdən 1930-cu illərin stalinçi repressiyalarını, xüsusilə də Çingiz Aytmatovun atası, dövlət xadimi Törəqul Aytmatovun Çon-Taş dərəsində güllələnməsi səhnəsini əks etdirən kadrlar tamamilə kəsilib. Halbuki həmin səhnələr filmin rəsmi treylerində yer alır…
Kinoşünas qeyd edib ki, müasir Rusiyada stalinçi dövrə və repressiya tarixinə olan həssas münasibət belə bir senzuranın tətbiqinə yol açıb. Təxirəsalmanın ikinci ehtimal olunan səbəbi kimi isə noyabrın ortalarında Qazaxıstan kinoteatrlarında Akan Satayevin “Külpəş” filmi, Conni Deppin çəkildiyi “Skruc” və yeni “Düna” kimi iri layihələrlə yaranacaq güclü rəqabət göstərilir.
Qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarovun dəstəyi ilə çəkilən və oktyabrın 15-dən Qırğızıstanda tam versiyada nümayiş olunan filmdə hadisələr 1979-cu ildə – sovet senzurasının yazıçının “Gün var əsrə bərabər” romanının nəşrinə əngəl yaratdığı dövrdə cərəyan edir. Ekran işində əsas xətlərdən biri məhz tarixi yaddaşın itirilməsi təhlükəsi və repressiya qurbanı olan atanın taleyidir…
Analitik qeyd:
Yaranmış mənzərə geo-siyasi baxımdan da diqqətçəkən ziddiyyətləri üzə çıxarır. Cəmi bir neçə gün öncə – oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın bu quruma müşahidəçi və ya “TDT+” formatında qoşulmasını təklif edərək, Moskvanın türk dünyası ilə tarixi və mədəni bağlara önəm verdiyini vurğulamışdı. Lakin Tokayevin bu təşəbbüsündən dərhal sonra Kremlin bütün türk dünyasının ortaq dəyəri sayılan Çingiz Aytmatov haqqında filmdən sovet repressiyaları və türk ziyalılarının güllələnməsi səhnələrini çıxarması rəsmi bəyanatlarla real siyasət arasındakı kəskin təzadı göstərir. Görünür, Rusiya hakimiyyəti türk xalqlarının ortaq tarixi yaddaşını və keçmiş imperiya siyasətinin qurbanlarına çevrilmiş ziyalılarının faciəsini əks etdirən həqiqətlərlə barışmağa hazır deyil…



