Dərdləri hər kəs başa düşürmü?

Hər kəsin dərdi varmı?
Dərdlər insanın həyatının müxtəlif dövrlərində başlaya bilər. Onların səbəbləri də, ağırlığı da fərqlidir. Bəzən kimlərinsə adi hesab etdiyi hadisə başqası üçün böyük bir dərdə çevrilir.
Ən böyük dərdlərdən biri isə sevdiklərini itirməkdir. Belə insanların ağrısını anlamamaq, onların dərdinə yanmamaq mümkün deyil.
Hər birimiz həyatımızın hansısa məqamında bu ağır itki ilə üzləşə bilərik.
Bu dünyada başqalarının dərdinə biganə qalanlar da var. Lakin özləri oxşar ağrılarla qarşılaşanda başqalarının yaşadıqlarını daha dərindən anlamağa başlayırlar.
Dərdlər, itkilər ömür kitabımızın qaranlıq səhifələrinə çevrilsə də, qəlbimizdə yaşatdığımız sevgi onları unutmağa qoymur. Xatirələr göz yaşlarına səbəb olsa da, sevdiklərimizin mənəvi varlığı bizə dayaq olur.
Belə bir fikrə inananlar da var: “Ağıllı insan dərd çəkməməlidir.”
Mən bu fikirlə razılaşa bilmirəm. Həyatımızı ağılla idarə etməyə çalışmalıyıq. Ancaq qəlbimizə hər zaman hakim kəsilmək mümkün deyil. İstər uşaqlıqda, istərsə də böyüyəndə… Həyat qarşımıza nə çıxarırsa, qəlbimiz onu yaşayır – sevincləri də, ağrıları da. Sadəcə, bu hissləri idarə etmək də ağıl və iradə tələb edir.
Bəzən ağır dərdlərin insanı sarsıtdığını, hətta ruhi sağlamlığına təsir etdiyini eşidirik. Məncə, hər dərdin insanı məhv etdiyini düşünmək də doğru deyil. İnsanların yaşadıqları sarsıntılara münasibəti, onlara dözmək gücü müxtəlifdir.
Dərdlər insanın ruhuna ağır təsir göstərə bilər. Lakin bəzən bu sınaqlar insana həyatı daha dərindən anlamağı, səbirli və müdrik olmağı da öyrədir.
Bu dünyada hər addımımız bir imtahandır, dərdlərimiz də…
Kimi yaşadığı çətinliklər qarşısında sarsılır, kimi isə həmin sınaqlardan həyat dərsi alaraq müdrikləşir.
Dərdlərimizə sinə gərməyə kömək edən ağıl Allah vergisi olsa da, onun təkmilləşməsi, inkişafı və düzgün istifadəsi özümüzdən, əlbəttə ki, ətraf mühitin təsirindən də asılıdır.
Ətrafımızda bizi anlayan insanlar necə toplaşır? Bu, müəyyən mənada ağlımızdan, qəlbimizdən və əməllərimizdən də asılıdır.
Başqalarının dərdini necə anlayırıq? Bəzən özümüz də oxşar ağrıları yaşayanda onları daha dərindən başa düşürük.
Bəs öz dərdlərimiz necə yaranır? Arzularımıza çatmayanda, sevdiklərimizi itirəndə, həyat yolumuzda enişlərlə, maneələrlə və gözlənilməz çətinliklərlə qarşılaşanda…
Ağlımıza ətraf mühitin təsirinin də müəyyən qədər özümüzdən asılı olduğunu söylədim.
Bəli, nələri qəbul edib-etməyəcəyimizə çox vaxt biliklərimiz, düşüncələrimiz və həyat təcrübəmiz qərar verir.
Dərdlərimizə münasibətimizə də…
Qəlbimizin daşıdığı yük illər keçdikcə artsa da, onun yüngülləşdiyi məqamlar da olur. Səbrimizi qoruyanda, problemlər həllini tapanda, həyatımızda xoş hadisələr baş verəndə… Belə anlar yaşamağın mənasını bizə yenidən xatırladır, qəlbimizə ümid verir, dərdlərimizi bir müddət unutdurur. Təəssüf ki, bəzən bu rahatlıq müvəqqəti olur.
Həyat budur. Kədər də, sevinc də, yüksəliş də, eniş də daim bizi müşayiət edəcək.
Bütün bunların öhdəsindən gəlməyə iradəmiz, səbrimiz, ağlımız və ruhumuzun gücü əskik olmasın!

Sənubər Səhər