Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? – İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiyi iddia olunur. Nəticədə istehlakçı məhsulu həqiqətən daha ucuz qiymətə alıb-almadığını müəyyənləşdirməkdə çətinlik çəkir.

Bəs alıcılar saxta endirimləri real kampaniyalardan necə fərqləndirə bilər? Mağazaların qiymət siyasətinə nəzarət hansı mexanizmlərlə həyata keçirilməli və istehlakçı aldadıldığı halda hüquqlarını necə müdafiə etməlidir?
Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, Black Friday kampaniyaları zamanı istehlakçıların diqqət etməli olduğu əsas məqam məhsulun endirimdən əvvəlki və sonrakı qiymətlərinin müqayisəsidir. Çünki bəzi mağazalar endirim ərəfəsində məhsulun qiymətini süni şəkildə artırır, daha sonra isə əvvəlki qiymətə qaytararaq bunu böyük endirim kimi təqdim edirlər. Beləliklə, alıcı əslində heç bir güzəşt əldə etmədiyi halda, özünü sərfəli alış-veriş etdiyinə inandıra bilər. İstehlakçı məhsulu həqiqətən endirimlə aldığını müəyyən etmək üçün ilk növbədə həmin məhsulun qiymət tarixçəsini araşdırmalıdır. Bunun üçün əvvəlki reklam elanlarına, mağazaların saytlarına, sosial şəbəkə paylaşımlarına və digər satış platformalarındakı qiymətlərə baxmaq olar. Eyni məhsulun bir neçə mağazada qiymətini müqayisə etmək də real endirimi müəyyənləşdirməyə kömək edir. Xüsusilə məhsulun modeli, texniki göstəriciləri və komplektasiyası eyni olmalıdır ki, müqayisə düzgün aparılsın.

Digər mühüm məsələ endirim faizinə deyil, məhsulun faktiki satış qiymətinə diqqət yetirməkdir. Məsələn, 1000 manata satılan məhsulun qiymətinin əvvəlcə 1500 manata qaldırılıb, sonra 33 faiz endirimlə 1000 manata təklif edilməsi real güzəşt deyil. Alıcı bu halda heç nə qazanmır. Ona görə də böyük endirim rəqəmlərinə aldanmaq düzgün deyil.
İstehlakçılar alış-veriş zamanı tələsməməli, ehtiyac duymadıqları məhsulları yalnız endirim adı ilə almamalıdırlar. Çünki bəzən endirim kampaniyaları insanlarda fürsəti qaçırmaq qorxusu yaradır və düşünülməmiş xərclərə səbəb olur. Ən düzgün yanaşma əvvəlcədən almaq istədiyiniz məhsulları müəyyənləşdirmək, onların qiymətini izləmək və yalnız real qiymət azalması olduqda alış-veriş etməkdir.

Eyni zamanda, istehlakçı hüquqlarının müdafiəsi baxımından süni qiymət artımı və aldadıcı endirim reklamlarına nəzarət gücləndirilməlidir. Mağazalar endirim elan edərkən əvvəlki qiyməti və endirimin hansı müddətə tətbiq olunduğunu aydın göstərməlidirlər. Beləliklə, Black Friday həqiqi endirim və qənaət fürsətinə çevrilə bilər, sadəcə marketinq üsulu olaraq qalmamalıdır.