Trampın seçki məğlubiyyəti: İran müharibəsində hansı ssenari işə düşəcək?

ABŞ seçkilərində demokratların respublikaçılar üzərində qələbəsi, Nümayəndələr Palatası və Konqresdə çoxluğu təmin etməsi Vaşinqtonun xarici siyasətinə, nəticə etibarilə geosiyasi proseslərin inkişafına təsir edəcək. Bu kontekstdə ən aktual məsələ İran müharibəsinin gələcəyidir.

Və aydın görünür ki, Tramp Administrasiyasının İranı təslim etməyə hesablanmış “müharibə və danışıqlar” taktikası sınaqla üz-üzə qala bilər.

1. Respublikaçıların seçkidə məğlubiyyətini şərtləndirən amillərdən biri İranla müharibə fonunda yanacaq qiymətlərinin artması, inflyasiya kimi problemlər oldu. Bu, respublikaçılar arasında Trampın müharibə planına qarşı daha öncədən mövcud olan müxalifəti gücləndirə bilər;
2. Demokratlar Konqresdə hərbi xərclərin ayrılması, eləcə də xarici siyasətlə bağlı məsələlərə nəzarət edəcək. Ki, bu da Trampın manevr imkanlarını daraldacaq.
3. Danışıqların tərəfdarı olan demokratlar Administrasiyaya İranla anlaşma üçün təzyiq edə bilər.
4. Məğlubiyyət Trampı daha çox daxili siyasətə diqqət ayırmağa sövq edə bilər.

Bu, ABŞ-ın yaxın perspektivdə İranla nüvə sazişinə yenidən qayıtması, eləcə də sanksiyaları aradan qaldırması demək deyil, demokratların daxilində də İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqları var. Lakin ümumilikdə Tehranın mövqeləri güclənə bilər. İranın əsas planlarından biri də məhz ABŞ-dakı aralıq seçkilərinə qədər anlaşmanı təxirə salmaqla nəticələrə təsir etmək və respublikaçıların məğlubiyyəti ssenarisinə hazırlaşmaq idi ki, hazırda nəzəri olaraq buna nail olduğu görünür. Buna paralel şəkildə İsraildəki seçkinin nəticələri – Netanyahunun rəhbərlik etdiyi radikal sağın üstünlük qazansa da, koalisiya hökumətinin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik Tehran üçün arzuolunan mənzərəni yaradıb. Vaşinqton və Təl-Əvivdə İranla müharibə planlarının perspektivləri sual altına düşür.

Hərçənd, hər şeyin tamamilə arxada qaldığını demək hələ tezdir. Çünki respublikaçılar Konqres və Nümayəndələr Palatasını itirsə də, Tramp prezident olaraq, xarici siyasətə rəhbərlik edəcək və İran məsələsi başda olmaqla hədəflərə nail olmağa çalışacaq.

Bunun fonunda İranla bağlı üç mümkün ssenari önə çıxır.

Birincisi, danışıqlar masasında razılaşmanın əldə edilməsidir.

Tramp daxili təzyiqlərdən xilas olmaq üçün Tehranla anlaşmağa çalışa bilər. Bu, növbəti seçkilərə qədər partiyasının mövqelərini yaxşılaşdırmaq üçün də lazımdır. Mövcud şərtlər buna imkan verir: Vaşinqton və Təl-Əviv arasında müharibənin gələcəyi ilə bağlı fikir ayrılıqlarının olduğu məlumatları var; İsraildə radikal sağın mövqeləri təhlükə altına düşüb.

Bu ssenarinin reallaşmasında İranın mövqeyi həlledici olacaq. Çünki Trampın anlaşmaq istəyi ABŞ-ın tələblərindən tamamilə geri çəkilməsi demək deyil, xüsusilə nüvə məsələsində prinsipiallıq davam edəcək. İran vəziyyətdən istifadə edərək, masada daha az itki ilə razılaşa və sanksiyaların ən azı yumlaşmasına nail ola bilər. Lakin Tehranda söz sahibinin sərt xəttin tərəfdarları olması bu perspektivi dumanlı edir.

İkincisi, müharibə və danışıqların paralel şəkildə davam etdirilməsidir.

Bu ssenaridə ABŞ genişmiqyaslı müharibəyə qayıtmır, əvzində danışıqları lokal hərbi zərbələr fonunda davam etdirir. Və istisna deyil ki, Tramp Administrasiyası demokratların İran müharibəsinə yanaşmasına təsir etməyə də çalışacaq: danışıqlar masasında maksimal tələblərlə Tehranı razılaşmadan uzaqlaşmağa, hərbi addımlar atmağa sövq edə, İranı ABŞ-ın milli təhlükəsizliyinə təhdid olduğunu göstərməklə müharibənin yeganə seçim olduğu rəyini gücləndirə bilər.

Bu ssenaridə də İranın seçimləri və psixoloji dayanıqlılığı həlledici olacaq.

Üçüncüsü, İrana həlledici zərbənin endirilməsidir.

ABŞ və İsrail seçkilərinin nəticələri bu ssenaridə ehtimalları zəiflətsə də, iki amil önəmlidir.

1. Aralıq seçkilərinin nəticəsi mənfi olsa da, Trampın önündəki “seçkilərə görə ehtiyatlı davranmaq” maneəsini aradan qaldırır, digər tərəfdən, nüfuzunu qorumaq üçün İran üzərində qələbəni şərtləndirir.
2. Hökuməti qurmağın çətinlikləri fonunda Netanyahu daxili siyasi və ictimai qüvvələri ətrafına toplamaq məqsədilə hər zaman istifadə edilən “İsrailin təhlükəsizliyinin qorunması” taktikasını genişləndirə bilər: bu, İranla genişmiqyaslı müharibədən keçir.

Bu baxımdan, Vaşinqton və Təl-Əvivdəki siyasi mənzərə İran üçün “nəfəslik rolunu” oynasa da, real təhlükə aktual olaraq qalır.