Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var

“Ermənistan Azərbaycanla sülhü bərqərar edib. Bu, ötən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutub”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Euronews”un Brüsseldə təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında real sülh mövcuddur.

“İndi biz sülh müqaviləsini imzalamalı və onu ratifikasiya etməliyik”, – deyə Nikol Paşinyan əlavə edib.

Baş nazir qeyd edib ki, Ermənistan hazırda Azərbaycanla münasibətlər qurur:

“Bizim Gürcüstanla ənənəvi yaxşı əməkdaşlığımız və yaxın müasibətlərimiz var. Hazırda biz Azərbaycanla münasibətlər yaradırıq. Bizim aramızda ikitərəfli ticarət var və regional infrastruktur əlaqələrini işə salacaq üçtərəfli bir layihəni həyata keçirməyə hazırlaşırıq. Bütün bu proseslər Cənubi Qafqaza tamamilə yeni qlobal rol qazandıracaq”.