Həyat yeyib-yatmaqla başlayır…

Sonra hərəkətə keçmək, oturmaq, gəzmək, danışmaq… sonra düşünmək, öyrənmək, oxumaq, işləmək… sonra yenə yeyib-yatmaq..
Əylənmək, sevinmək, kədərlənmək fərqli xarakter və tale burulğanında dövr edir.
Yarantılar, dağıntılar dünyaya aiddir. İnsanlara da… düşüncələrə də.
Yaşam budur? İmtahan budur?
Arzular da var… Arzular insanların kimliyini müəyyənləşdirir, həyat yolunu da…
Etiraflar hər zaman səmimi olmur. Qəlbimizə hakim kəsilən duyğular zamanla dəyişsə də, arzular tükənmir.
Həyatımızın hər bir sahəsini əhatə edən ehtiyaclar da heç vaxt tükənmir.
Arzuları reallığa çevirmək həyatımızın mənasına, əməllərinə çevrilir. Onlar da imtahan olunur, olunacaq da.
Ölmək arzusu necə? Səmimimi? Psixi stresmi? Həyatdan doymaqmı?
Bunları dəqiqləşdirmək mümkün olmayıb.
Cavabsız suallar əsrlərlə davam etsə də, bildiklərimizlə təsəlli tapmışıq.
Nə qədər sorğuların cavabı olmasa da, ömür boyu ümidimizi itirmirik.
Tapılan cavablar da yeni sual yaradır.
Daim bu sualların arxasınca getsək həyat dayanar – getməsək də…
Yeyib-yatmaq ehtiyaclarının səbəbinin cavabı var.
Bu cavablar da sual doğurur.
Niyə belədir? Niyə belə yaranmışıq?
Canlı, cansız, süni varlıqlar necə uyğunlaşır?
Uyğunsuzluqlar da olur. Bu da həyatın əsas problemlərindən biri.
Bu həyati mübarizənin əsasını təşkil etməklə artıq suallara üz tutulmur, dirənmir – yeyib, yatmaq kimi…
Bəzi ehtiyaclarımız yerinə yetəndən sonra da suallar ortaya çıxır.
Mən bunu niyə istədim? Nəyimə lazım idi ki? Nə dəyişdi ki? İçimin boşluğu dolmadı ki…
indi nə edim?
Demək ki, suallar hər addıma nəzarəti də yaradır.
Yaşam ehtiyacları fərqli xarakter daşıyır… İnsanların xarakterlərinə, arzularına uyğun olarıq.
Gözü, ürəyi doymayanlar da var, doyanlar da…
Doyanlar xoşbəxt ola bilir, doymayanlar yox…
Mübarizə nə qəlbimizdən, nə də həyatımızdan əskik olmur.
Tələbatın ünvanı fərqli dalanlardan gəlir, fərqli cığırlarla üzləşir.
Dayanmırıq, yol axtarırıq.
Yuxarıdan başımıza tökülənlərin də fərqli təsiri olur.
Baxır göydən nə gəlir, yoxsa insanlardan…
Hər bir təsirə güc gələn bacarığımızdır, əməllərimizdir, ürəyimizdir.
Suallar bizə dayaq olmasın. Hamısı açılacaq. Ümidlərimizi itirməyək, səbrimizi də.
Ən əsası həyat hamıya gözü toxluq və ürəklərə rahatlıq bəxş etsin.

Sənubər Səhər