Əslən Beyləqan rayonundan olan, uzun müddət Bakı şəhərində kölgəli və qeyri-rəsmi (pərdəarxası) fəaliyyəti ilə sahibkarlıqla məşğul olmuş, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Yasamal Rayon Şöbəsinin sabiq rəis müavini, polkovnik Müşfiq İbrahimovun qardaşı Fikrət İbrahimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Günün ortasında reallaşan əməliyyat uzun müddət aparılan hərtərəfli istintaq-əməliyyat tədbirlərinin məntiqi nəticəsidir.
Əldə etdiyimiz mötəbər məlumatlara görə, Fikrət İbrahimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlari tərəfindən aparılan uzunmüddətli istintaq zamanı Fikrət İbrahimovun qanunsuz əməlləri təkzibedilməz sübutlar, şahid ifadələri və faktlarla tam sübuta yetirilib. Hüquq-mühafizə qüvvələrinin kəskin və operativ müdaxiləsi nəticəsində illərdir toxunulmaz zənn edilən şəxs nəhayət məsuliyyətə cəlb olunub.
Aparılmış sorğular və dərinləşən istintaq materialları göstərir ki, Fikrət İbrahimovun Bakı şəhərində illər boyu maneəsiz şəkildə insanların etibarından sui-istifadə etməsinin və mənimsəmə əməllərinin arxasında güclü bir “arxa” durub.
Qeyd olunur ki, ona bu qanunsuz işlərdə açıq-aşkar himayədarlıq edən və əməllərinin üstünü ört-basdır edən şəxs doğma qardaşı — Dövlət Təhlükəsizlik Xidmətinin Yasamal Rayon Şöbəsinin rəis müavini işləmiş, polkovnik Müşfiq İbrahimovdur.Lakin son vaxtlar Müşfiq İbrahimovun təqaüdə göndərilməsi ilə bu “toxunulmazlıq zirehi” tamamilə darmadağın olub. Qanunun aliliyinin bərqərar olduğu bir vaxtda onları qoruyacaq heç bir qüvvə qalmayıb və ədalət öz yerini tapıb.
Zərərçəkənlər arasında Bakı sakinləri ilə yanaşı, əslən Naxçıvan Muxtar Respublikasından olan iş adamları və vətəndaşlar da var. Məlumata görə, Fikrət İbrahimov saxta vədlərlə Naxçıvandan olan bir neçə tanınmış şəxsin də xüsusilə külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəyib.
Zərərçəkmiş digər şəxslərin adları və mənimsənilən yüz minlərlə vəsaitlərin dəqiq məbləğləri ilə bağlı redaksiyamızın geniş həcmli araşdırması davam edir. Yaxın saatlarda Fikrət İbrahimovun digər qurbanları və ört-basdır edilən sənədlərlə bağlı şok təfərrüatları təqdim edəcəyik.
İctimaiyyətin və hüquq-mühafizə organlarının diqqətində olan bu cinayət işi üzrə növbəti açıqlamalarımızı izləyin.



