Android telefonlarla bağlı yeni təhlükəsizlik problemi üzə çıxıb. Xüsusi hazırlanmış bir SMS mesajı istifadəçinin heç bir əməliyyat etməsinə ehtiyac qalmadan telefonun işini tamamilə dayandıra bilər.
Təhlükəsizlik araşdırmaçısı Mark Blaszczyk Android əməliyyat sistemində ciddi boşluq aşkar edib. Məlumata görə, xüsusi hazırlanmış “WAP Push” SMS mesajı telefon tərəfindən düzgün emal edilmədikdə cihazın işində ciddi problemlər yaranır. Mesaj arxa planda işlənir və telefonun əsas funksiyalarını kilidləyə bilir.
Bu təhlükənin ən narahatedici tərəfi ondan ibarətdir ki, istifadəçinin gələn SMS-i açmasına və ya ona toxunmasına ehtiyac yoxdur. Mesajın telefona daxil olması hücumun baş verməsi üçün kifayət edir.Belə halda aktiv telefon danışıqları kəsilir, cihaz mobil şəbəkə ilə əlaqəni itirir və telefonun bəzi funksiyaları işləməz vəziyyətə düşür.
İlkin araşdırmalar zamanı problem “Google Pixel” və “Samsung Galaxy” telefonlarında aşkarlanıb. Bildirilir ki, Android 12 və daha yeni versiyalarla işləyən cihazlar bu boşluqdan təsirlənə bilər. “Google” mühəndisləri Android 14 və daha yeni versiyalar üçün oktyabr təhlükəsizlik yeniləməsində problemi aradan qaldıran düzəliş yayımlayıblar. Lakin Android 13 və daha köhnə versiyalardan istifadə edən cihazların hələ də risk altındadır.
Son yeniləmə sayəsində telefon sisteminin təhlükəli mesajları emal etmədən birbaşa silməsi təmin edilir.
Mütəxəssislər Android telefon istifadəçilərinə təhlükəsizlik yeniləmələrini yoxlamağı və mövcud oktyabr yeniləməsini quraşdırmağı tövsiyə edirlər. /Nocomment/



