Elə adamlar olur ki, onlar üçün iş axtarmaq, işi tapdıqdan sonra isə hər gün işə getmək cəhənnəm əzabıdır. Onlar böyük səbirsizliklə bayram, istirahət və məzuniyyət günlərini gözləyirlər. Həmin günlərdə sanki dəyişərək tamam başqa adam olurlar. Bəzən onları tənbəllik və ətalətlilikdə günahlandırırlar. İşə getmək istəməməyi, işdən qorxmağı tənbəlliyin əlaməti kimi qəbul edənlər var. Əslində isə, bu, belə deyil. Onlar erqofobiyadan əziyyət çəkirlər. Tənbəllik – sadəcə nəyisə etmək istəməmək, fobiya isə qorxudur və yüksək həyəcan, tərləmə, gərginlik və s. ilə müşayiət olunur. Erqofobiya- psixoloji pozğunluğun xüsusi forması olmaqla yanaşı özünün peşəkar keyfiyyət və bacarıqlarını nümayiş etdirməkdən, işin öhdəsindən gələ bilməməkdən qorxu hisidir.
Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumip psixologiya kafedrasının baş müəllimi Sona Əliyeva deyib.
Onun sözlərinə görə, erqofobiyanın yaranma səbəbləri çoxdur. Uşaqlıqda valideynləri tərəfindən daim danlanılan, “bacarıqsız”, “qabiliyyətsiz” adlandırılan, “əlindən heç nə gəlmir” kimi mikroaqressiyalara məruz qalanlar böyüdükdə erqofobiyalı ola bilərlər. Eləcə də ilk iş yerindəki təcrübə sonrakı iş və karyera həyatına birmənalı olaraq təsir edir. Təbii ki, ilk dəfə işə girən işçi təcrübəsiz olur, işini yerinə yetirmək üçün bir çox zəruri bacarıqlara malik olmur, eləcə də bəzi gənclər böyük kollektivdəki nizam-intizama tabe olmaqda çətinlik çəkirlər. Bu və digər səbəblərə görə ilk iş yerində rəhbərlik tərəfindən daim tənqid (hətta təhqir) olunan, kollektiv tərəfindən qəbul edilməyən, etdiyi hər səhvə görə danlanan və gülüş obyektinə çevrilən işçi sonraki iş yerlərində eyni münasibətlə üzləşəcəyindən çox ehtiyat edir: “Əvvəlki iş yerində xoşçagəlməz münasibətə məruz qalan işçi yeni iş yerinə düzəlməkdə çətinlik çəkəcək, eyni hissləri yaşayacaq. Təbii ki, onda yaranmış özünə inamsızlıq iş müsahibələrində də uğursuzluğa səbəb olacaq. Hər müsahibə həmin namizəddə özünüitirmə, həyəcan, başağrısı, ürəkbulanması, ürəkdöyünməsi və s. kimi əlamətlərlə müşahidə olunacaq. Uzunmüddətli əmək staji da erqofobiyanın yoxluğuna dəlalət etmir. Daimi yoxlamalar, tapşırıqları vaxtında başa çatdırmamaq qorxusu, rəhbərin danlağı, hay-küyü də həmin fobiyanın yaranmasına təkan verir. İstehsalatda baş vermiş travma (məsələn, istehsalat qəzaları – əllərin, barmaqların zədələnməsi, yıxılma və s. kimi hallar) da erqofobiyaya səbəb olur. Qəzanın təkrar baş verməsindən qorxaraq, kimsə özünü hədsiz ehtiyatlı aparır, bəziləri isə tamamilə həmin işdən uzaqlaşırlar. Kollektivdə olan pis münasibət də erqofobiyanın yaranmasına səbəb olur. Tənqid edilmə qorxusu, həmkarları tərəfindən lağ və gülüş obyekti olmaq işçidə həmin qorxunun yarada bilər. Bir sıra hallarda isə işçinin digər psixoloji problemləri – depressiya, ruhi və fiziki yorğunluq və s. də erqofobiyanın yaranmasına səbəb olur. Əgər digər işçi və ya əməkdaş hər hansı bir şəkildə özünə qarşı münasibəti, iş tərzini və s. dəyişdirməyə çalışırsa, erqofob çarəni dərhal işdən çıxmaqda görür. Özündə həmin tip qorxu hiss edən kəs mütləq psixoloq və ya psixiatra müraciət etməlidir”, – deyə psixoloq Sona Əliyeva bildirib.



