İndiki nəsil bilməz: 1980-ci illərdə gündəlik həyat necə idi?

Bir vaxtlar gündəlik həyatımızın ayrılmaz hissəsi olan bəzi vərdişlər texnologiyanın inkişafı ilə tarixə qovuşub.

Radiodan mahnı yazmaqdan tutmuş fırlanan nömrəli telefonlardan istifadəyə qədər 1980-ci illərin bir çox adəti bu gün keçmişin xatirəsinə çevrilib.

1980-ci illərdə gündəlik həyat indiki dövrdən xeyli fərqli idi. Mobil telefonların, internetin və rəqəmsal xidmətlərin olmadığı həmin illərdə insanların bir çox işi görmək üçün səbirli olması və fərqli üsullardan istifadə etməsi lazım gəlirdi.

Həmin dövrə aid olub, bu gün artıq geniş yayılmayan 8 vərdişi diqqətə çatdırırıq:

Fotoşəkilləri görmək üçün günlərlə gözləmək

Fotoaparatla şəkil çəkdikdən sonra plyonkanı ehtiyatla çıxarıb fotoatelyeyə aparmaq lazım gəlirdi. Şəkillər hazır olana qədər çəkilən anların necə alındığını görmək mümkün deyildi.

Cizgi filmləri üçün şənbə səhərini gözləmək

Uşaqlar istədikləri vaxt cizgi filmi izləyə bilmirdilər. Televiziya proqramlarının müəyyən vaxtlarda yayımlanması səbəbindən şənbə səhərləri xüsusi səbirsizliklə gözlənilirdi.

Yeni ünvan tapmaq üçün kağız xəritədən istifadə etmək

Naməlum yerə getmək üçün kağız xəritəni açıb marşrutu müəyyənləşdirmək lazım idi. Bu gün naviqasiya tətbiqlərinin gördüyü işi həmin vaxt insanlar özləri yerinə yetirirdilər.

Ev tapşırığı üçün kitabxanadan kitab götürmək

Məktəb tapşırıqlarını yerinə yetirmək üçün məlumatı internetdə axtarmaq mümkün deyildi. Şagirdlər kitabxanalara gedir, lazımi kitabları tapır və məlumatları çap olunmuş mənbələrdən toplayırdılar.

Telefon nömrələrini kitabçalardan axtarmaq

İnsanların və müəssisələrin telefon nömrələrini tapmaq üçün xüsusi telefon kitabçalarına müraciət edilirdi. Lazım olan nömrəni tapmaq bəzən vaxt aparan işə çevrilirdi.

Yaxınların telefon nömrələrini əzbərləmək

Mobil telefonların yaddaş funksiyası olmadığı üçün ailə üzvlərinin və dostların nömrələrini əzbərdə saxlamaq vacib idi. Bəziləri isə nömrələri qeyd etmək üçün kiçik telefon kitabçalarını özləri ilə gəzdirirdilər.

Kaset maqnitofonunda dolaşan lenti düzəltmək

Kaset lentinin maqnitofonun içində dolaşması tez-tez rast gəlinən problemlərdən idi. Belə hallarda lenti ehtiyatla geri sarımaq və kaseti yenidən işlək vəziyyətə gətirmək lazım gəlirdi.

Sevilən mahnını radiodan kasetə yazmaq

İstənilən mahnını internetdən bir neçə saniyəyə dinləmək mümkün deyildi. Sevilən musiqini yenidən dinləmək üçün radio verilişlərini izləmək, bəzən radioya zəng edərək mahnı sifariş etmək və yayım zamanı onu kasetə yazmaq lazım gəlirdi.

Keçmişdən qalan xatirələr

Mobil telefonların olmadığı, televiziya kanallarının məhdud olduğu və məlumat əldə etməyin daha çox vaxt apardığı 1980-ci illər bu gün bir çox insan üçün nostalji ilə xatırlanır. Vaxtilə adi görünən bu vərdişlər texnologiyanın gündəlik həyatımızı necə dəyişdirdiyini də göstərir.