Dünya fəlakətlər, müharibələr, qırğınlar, qorxu burulğanında. Kainat hədsiz təlatümdə. Aclıqdan, istidən, xəstəlikdən, münaqişələrdən ölənlər son həddə çatıb. Dövrün nəbzi də dəyişir. İnsanları da süni intellekt və robotlar əvəz edir.
Varlıların, milyarderlərin yaşam səviyyəsi isə superyüksəliş həddində.
Gözəl məkanların, restoranların sayı günbəgün artır.
Qiymətlərin artımı varlını da, yoxsulu da daha da çoxaldır.
Artıq cənnət də, cəhənnəm də bu dünyaya köçüb, deyəsən. Bəlkə də elə buradaymış.
İnamlar da silkələnir, bəlkə də silkələndirilir.
Yaşam qaydaları isə hələ ki, dəyişmir.
İllərlə bizə zərərli olanların indi xeyirli olduğunu sübut etməyə çalışsalar da.
Yatırıq, dururuq, nə tapırıq yeyirik, içirik, geyinirik, gəzirik.
Xəstəliklərimizə də ya çarə tapırıq, ya da ölürük.
Dərdlər, zərbələr, xəbərlər, yaratımlar, dağıntılar qəlbimizin, ağlımızın gücünə tam qalib gələ bilmir.
Düşünürük, çarə axtarırıq, işləyirik… Hələ ki…
Ümid, səbr, dözüm ömür boyu bizi tərk etmir.
Şükür etmək də hər kəsə nəsib olsun. Pisliklərdən qaçmaq da, pisliklə yaxşılığı ayıra bilmək də.
Oxuduqlarımıza, eşitdiklərimizə, gördüklərimizə düzgün qiymət vermək bacarığı necə?
Onu da həyat öyrədir.
Həyatlar da fərqlidir axı. Demək ki, düşüncələrimiz də…
Dünyada baş verənlər kimini ağladır, kimini sevindirir, kimini düşündürür. Həyatımızı ağlımıza, düşüncələrimizə uyğun qura bilməsək də, yaşam qurğusuna xitam verilmir.
Ömrün yaşam qurğusuna bacarıqlarımızı fəda etməkdən başqa çarə yoxdur və bu bacarıqların inkişafını ləngitməməliyik.
Kimə inanaq, nəyə inanaq, nə edək, niyə inanaq suallarına ağıl nə yol göstərəcəksə, o yolla yürüyəcəyik.
Qaça bilən də olur.
Burada da yaranış və yaşam nümunələrinin fərqli obrazları rol oynayır.
Bəli, insanlar eyni olmayıb, olmayacaq da, yaşam da, çəkintilər də…
İndi dünyanın sonu gəldiyinə inanaq, yoxsa möhtəşəm dəyişiklik dövrünə?
Hər bir təlatümün qurbanlarla müşayiət olunduğunu həyat boyu görmüşük.
Bu dəfə qurbanların pisliklər olacağına ümid edək, arzu edək.
Pislik olmadan da həyatı dərk etmək olmur.
Əsas odur ki, pislik yaxşılıqdan çox olmasın.
Dünya dağılmasın…
Sənubər Səhər



