Qaraciyər üçün təhlükə yalnız alkoqoldan ibarət deyil. Həddindən artıq şəkərli içkilər, şirniyyatlar və unlu məmulatların müntəzəm istehlakı da bu orqanda yağlanma riskini artıra bilər.
Qastroenteroloq Yevgeni Belousov qaraciyər üçün əsas təhlükələrdən birinin yüksək kalorili, şəkərli və doymuş yağlarla zəngin qidaların uzun müddət həddindən artıq qəbul edilməsi olduğunu bildirib.
Mütəxəssisin sözlərinə görə, xüsusilə fiziki aktivliyin az olduğu halda şirin içkilər, desertlər, bişmiş məhsullar və digər yüksək kalorili qidaların tez-tez istehlakı metabolik mənşəli yağlı qaraciyər xəstəliyi riskini yüksəldə bilər.
Həkim sağlam hesab olunan məhsulların belə həddindən artıq yeyilməsinin problem yarada biləcəyini vurğulayıb. Məsələn, qoz-fındıq və avokado faydalı qidalar sayılsa da, böyük miqdarda qəbul edildikdə gündəlik kalori normasını əhəmiyyətli dərəcədə artıra bilər. Bu isə çəki artımına və qaraciyərdə yağ toplanmasına səbəb ola bilər.
Belousov xüsusilə yüksək kalorili qidalar, şəkər, doymuş yağlar və alkoqolun birlikdə həddindən artıq qəbul edilməsini təhlükəli hesab edir. Onun sözlərinə görə, yağlı yeməklər, desertlər və alkoqollu içkilərlə müşayiət olunan müntəzəm ziyafətlər qaraciyərə ciddi yük yarada bilər.
Mütəxəssislər qaraciyərin sağlamlığını qorumaq üçün yalnız bir məhsula deyil, ümumi qidalanma rejiminə, porsiyaların ölçüsünə və fiziki aktivliyə diqqət yetirməyi tövsiyə edirlər.



