Rusiyanın bir sıra regionlarında qəhvəyi ayıların insanlara hücumları ilə bağlı ciddi artım qeydə alındığı bildirilir. İlin əvvəlindən etibarən ayı hücumları nəticəsində azı 20 nəfərin öldüyü, hadisələrin xüsusilə sentyabr ayında intensivləşdiyi qeyd olunur.
Hadisələr Rusiyanın ən azı 11 regionunu əhatə edib. Təkcə sentyabr ayında Krasnoyarsk diyarında yeddi ölümcül ayı hücumu qeydə alındığı bildirilir. İrkutsk vilayəti və Tıva Respublikasında da oxşar hadisələr baş verib.
Mütəxəssislər insanlarla ayılar arasında qarşılaşmaların artmasını bir neçə amillə əlaqələndirirlər. Onların fikrincə, iqlim dəyişiklikləri, quru və erkən yaz meşələrdə ayıların təbii qida mənbələrinin azalmasına səbəb ola bilər. Bu isə heyvanların qida axtarışında daha geniş ərazilərə çıxmasına gətirib çıxarır.
İnsanların davranışı da riskləri artıran amillər sırasında göstərilir. Meşəlik ərazilərdə qida tullantılarının açıq saxlanılması və vəhşi heyvanlarla qarşılaşma zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ayıların yaşayış məntəqələrinə yaxınlaşmasına səbəb ola bilər.
Məlumata görə, Rusiyada qəhvəyi ayıların sayının son onilliklərdə əhəmiyyətli dərəcədə artdığı bildirilir. Ən çox hadisənin qeydə alındığı bölgələrdən biri olan Krasnoyarsk diyarında vəzifəli şəxslərə qarşı səhlənkarlıqla bağlı cinayət işi də açılıb. Onların ayı populyasiyasına lazımi nəzarəti həyata keçirmədikləri iddia olunur.
Rusiya rəsmiləri isə vəziyyətin genişmiqyaslı böhran xarakteri daşıdığı fikri ilə razılaşmırlar. Onların bildirdiyinə görə, ayı hücumlarının illik sayı uzun müddətdir təxminən 20–30 hadisə səviyyəsində qalır və hadisələrin daha çox görünməsində sosial medianın və smartfonların geniş yayılmasının da rolu var.



