ABŞ Prezidenti Donald Trampın komandası Moskva ilə aparılan danışıqlarda yeni strategiya kimi Ukrayna müharibəsi bitməmiş Rusiya ilə biznes müqavilələri imzalamaq variantını müzakirə edir.
Bu barədə “The New York Times” nəşri öz mənbələrinə əsaslanaraq məlumat yayıb.
ABŞ rəsmisi nəşrə açıqlamasında qeyd edib ki, belə müqavilələr Vaşinqtonun Moskva ilə əlaqələri bərpa etmək istəyində ciddi olduğunu nümayiş etdirəcək. Qəzetin vurğuladığına görə, sözügedən strategiya Trampın bundan əvvəlki tutduğu mövqedən fərqli xarakter daşıyır.
Müzakirələrə yaxın olan iki mənbənin qəzetə verdiyi məlumata əsasən, Vaşinqton artıq müharibənin sonunu gözləmədən Rusiya ilə razılaşmaların əldə olunmasını istisna etmir. Nəşrin təhlilinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner Rusiya tərəfini döyüşləri dayandırmağa təşviq edəcək yeni üsullar üzərində işləyirlər. Qəzet əlavə edir ki, hazırda konkret olaraq hansı müqavilələrin nəzərdə tutulduğu barədə heç bir məlumat mövcud deyil. /Oxu.az/



