Köhnə kürəcikli modelləri əvəz edən optik kompüter siçanları artıq milyonlarla istifadəçi üçün adi cihazdır. Buna baxmayaraq, çox az adam düşünür ki, niyə bu siçanların əksəriyyətinin alt hissəsində məhz qırmızı işıq yanır.
İstehsalçıların qırmızı rəngə üstünlük verməsinin iki əsas səbəbi var.
Optik siçanın iş prinsipi işıq diodu və CMOS sensoruna əsaslanır. İşıq diodundan çıxan şüa masa və ya siçan altlığının səthindən əks olunur. Daha sonra sensor saniyədə minlərlə görüntü çəkərək onları bir-biri ilə müqayisə edir. Cihaz kursorun hərəkət istiqamətini və sürətini məhz bu üsulla müəyyənləşdirir.
Qırmızı işığın isə bu texnologiya üçün ən praktik variantlardan biri olduğu müəyyən edilib. Səbəb odur ki, əksər optik siçanlarda istifadə edilən silikon əsaslı CMOS sensorları qırmızı işığı mavi kimi daha qısa dalğa uzunluğuna malik rənglərdən daha yaxşı qəbul edir.
Bu xüsusiyyət sayəsində kompüter siçanı hətta çox kiçik hərəkətləri belə daha dəqiq izləyə bilir.
Digər mühüm səbəb isə qiymətdir. Qırmızı işıq diodları çox böyük həcmdə istehsal edilir və digər rəngli analoqlarla müqayisədə daha ucuz başa gəlir. Buna görə də qırmızı LED-lərdən istifadə cihazın iş keyfiyyətində ciddi itki yaratmadan onun maya dəyərini aşağı salmağa imkan verir.



