Nepalda baş verənə bənzər dağıdıcı sürüşmə Avropada da baş verə bilər.
Bunu İsveçrə Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutunun geomorfoloqu Robert Kenner “RİA Novosti” agentliyinə bildirib.
26 avqustda Şimali Nepalda Çin tərəfindən gələn suyun Bhote-Koşi çayına axması nəticəsində daşqın baş verib. Daşqından əvvəl zəlzələ və nəticədə torpaq sürüşməsi baş verib.
Kennerin sözlərinə görə, dağ və buz kütlələrinin çökməsinin kütləvi daşqınlara səbəb olduğu kaskad prosesləri Avropada da mümkündür. Bu cür hadisələr buzlaqlı dağ yamaclarının olduğu istənilən bölgədə baş verə bilər.
Alim 2017-ci ildə İsveçrədəki Pitso Cenqallo dağında baş verən sürüşməni, 2025-ci ildə Berç buzlağının çökməsini və 2024-cü ildə İtaliya-İsveçrə sərhədi yaxınlığındakı Piz Şerşen dağında baş verən qar uçqununu xatırladıb.
Oxşar təbii fəlakətlər Rusiyada da baş verib: 2002-ci ildə Karmadon dərəsində Kolka buzlağı çöküb.
Bunun baş verməsi üçün qayaların və buzun çökdüyü ərazidə – məsələn, göllərdə və ya çaylarda – çox miqdarda su olmalıdır.
Uçqunun hərəkəti nəticəsində yaranan istiliyin təsiri altında qar və buzun əriməsi nəticəsində əlavə su əmələ gələ bilər. Lakin, qaya-buz kütləsinin mayeləşməsinin dəqiq şərtləri hələ də zəif başa düşülür.
Ekspertin sözlərinə görə, bu cür hadisələri proqnozlaşdırmaq həmişə mümkün olmur:
“Alp bölgəsi Himalay dağlarından daha yaxından izlənilsə də, gözlənilməz qar uçqunlarını tamamilə istisna etmək mümkün deyil. Buzlaqlarla örtülü yamacların qeyri-sabit hissələrini əvvəlcədən aşkar etmək xüsusilə çətindir”.



