Rum tarixçi həyəcan təbili çaldı: Kiprdə ikinci İsrail yaradacaqlar

Kiprli tarixçi Cerri Kossifos Cənubi Kiprdə israillilərin torpaq və daşınmaz əmlak alışı, eləcə də Türkiyənin regiondakı rolu ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Kossifos rum deputat Fidias Panayiotounun proqramında çıxışı zamanı israillilərin Cənubi Kiprdə artan mülk alımlarına diqqət çəkərək xəbərdarlıq edib.

“Torpaqlarımızı satmağı dayandırmalıyıq. Bir gün Fələstində ən yaxşı torpaqları satın aldıqları kimi, bizim ən yaxşı torpaqlarımızı da satın alacaqlar”, – deyə o bildirib.

Tarixçi İsraildən Cənubi Kiprə miqrasiya və əmlak alışının davam etməsi halında adanın cənubunda “ikinci İsrail” yarana biləcəyini iddia edib. O, Rum administrasiyasının xaricilərə torpaq satışına müdaxilə etməli olduğunu qeyd edib.

Kossifos Cənubi Kiprin İsraillə münasibətlərinin inkişaf etdirilməsinə də qarşı çıxıb. O, İsrail hökumətini Fələstində soyqırım törətməkdə ittiham edib və Avropa ölkələrinin İsrailə qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirib.

Kossifos 1963-cü il hadisələrinə də toxunaraq rum tərəfinin kiprli türklərə qarşı səhvlər etdiyini etiraf edib. O, Rum tərəfini Türkiyə ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırıb və Ankara ilə Afina arasında inkişaf edən əlaqələrin Kipr probleminin həllinə də müsbət təsir göstərə biləcəyini söyləyib.