Türkiyəli astronom: “Günəş öz tarixinin başlanğıcında Yer ölçüsündə bir neçə planeti udub”

“Günəş mövcudluğunun ilkin mərhələsində bir neçə Yer ölçüsündə planeti “udmuş” ola bilər”.

Türkiyənin Egey Universitetinin astronomu Mutlu Yıldız belə qənaətə gəlib.

Onun hesablamalarına görə, superyerin gənc Günəşə düşməsi nəzəri olaraq ulduzun dərinliklərində kimyəvi iz buraxıb və bu izi bu gün də aşkar etmək mümkündür.

Tədqiqatçı ulduzların təkamülünü modelləşdirən MESA proqramının köməyi ilə fərziyyəni yoxlayıb. Alim Günəşin formalaşmasının müxtəlif ssenarilərini müqayisə edib və müşahidələrə ən uyğun modellərin kütləsi təxminən 5-10 Yer kütləsi olan planetin udulmasını nəzərdə tutduğunu müəyyənləşdirib. Ən uğurlu variantda yoxa çıxmış planetin kütləsi təxminən 5.6 Yer kütləsi olub.

M.Yıldızın hesablamalarına görə, planetin udulması Günəşin xarici konvektiv zonasının altındakı bölgənin kimyəvi tərkibini dəyişə bilərdi. Konvektiv zona isti və soyuq qaz axınlarının aktiv şəkildə hərəkət etdiyi sahə adlanır. Ağır elementlərlə zəngin olan material bu zonadan daha dərin qatlara enərək maddənin qeyri-şəffaflığını və ulduzun daxili quruluşunu dəyişə bilərdi. Belə ssenari planetin udulmasını nəzərdə tutmayan standart modellərlə müqayisədə helioseysmoloji müşahidələrin bəzi nəticələri ilə daha yaxşı uzlaşır.

Onun sözlərinə görə, planetin udulması ilə bağlı hipotez Günəşin hesablamaları ilə faktiki müşahidələri arasında uzun müddətdir mövcud olan bir neçə uyğunsuzluğu eyni vaxtda izah edə bilər. Əlavə hesablamalar göstərib ki, sıx qayalıq planet gənc Günəşin xarici qatlarından keçərək kütləsinin nisbətən kiçik hissəsini itirə bilərdi.